Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual gənclər” layihəsinə start verilmişdir.
Tərtər rayonunda gənclər arasında milli mövzuları əhatə edən suallardan ibarət paketlə “Xəmsə” intellektual oyun növü üzrə yarış keçirilmişdir. Tədbir Tərtər rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə baş tutmuşdur. Tədbirdə iştirak edən Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov tədbiri açıq elan etmiş, intellektual oyunların əhəmiyyətindən söz açmış və iştirakçılara uğurlar arzulamışdır. Layihə komandası tərəfindən start verilən turnirə mərkəz və kənd gənclərindən ibarət 8 komanda qatılmışdır. Gərgin mübarizə şəraitində baş tutan intellektual turnirdə müvafiq olaraq “Victory” komandası I, “Special team” komandası II, “Xəmsə” komandası isə III yerin sahibi olmuşdur. Qaliblər diplomlarla təltif olunmuşlar.
Layihə Azərbaycançılıq ideyalarının təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından önəmli xarakter daşıyır.