Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə VIII qrant müsabiqəsinin fərdi layihə qalibi Vəfa Xəlilli tərəfindən “Yeniyetmə qızların təhsilə cəlb olunması” adlı layihə çərçivəsində Zərdab Rayon Gənclər Mərkəzində 2 günlük təlim həyata keçirildi.
Tədbirin açılışını Zərdab Rayon Gənclər İdman İdarəsinin aparıcı-məsləhətçisi Ələkbər Kərimov edərək, Azərbaycan dövlət başçısının gənclərə etdiyi qayğıdan, Gənclər Fondunun gördüyü işlərdən danışdı və layihə rəhbəri Vəfa Xəlillidən bu layihə barədə qısa məlumat verməyini xahiş etdi. Layihə rəhbəri Vəfa Xəlilli Azərbaycan Gənclər Fondunun gənclərə verdiyi dəstəkdən və bu layihənin məqsədindən, erkən nikahın fəsadları və yaratdığı problemlər, onun qarşısını almaq üçün alternativ yol kimi təhsilin önəmindən danışdı.
Vəfa Xəlillinin çıxışından sonra Ələkbər Kərimov qonaqları təqdim etdi və onlara çıxış etmələri üçün söz verildi. Zərdab Rayon Qeydiyyat şöbəsinin rəisi Rahim Nuriyev çıxışında nikah yaş həddindən və qanunvericilikdən danışdı. Həsən bəy Zərdabi ev muzeyinin direktoru Vəfa Bayramova hələ o dövrdə Həsən bəy Zərdabinin qızların təhsilli olmağını cəmiyyət üçün vacib amillərdən biri kimi gördüyünü , təhsilin gənclərin gələcəyi üçün önəmindən danışdı. Sonra “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov Gənclər Fondunun beş illik fəaliyətindən, təşkilatın erkən nikah mövzusunda keçirdiyi layihələrdən və bugünki layihənin önəmindən danışdı və bu layihənin erkən nikahın qarşısını alınması istiqmətində uğur qazanacağını bildirdi və təlimin işinə uğurlar arzuladı.
Açılış mərasimindən sonra təlimçinin köməyi ilə iştiakçıların lider qızlar kimi yetişdirilməsinə çalışıldı. Erkən nikah mövzusunda qızlarımızla birlikdə müzakirələr, fikir mübadilələri və qrup işləri aparıldı. Lider qızlarımız qruplarda “Erkən nikah nədir?”, “Erkən nikahın yaranma səbəbləri”, “Erkən nikahın fəsadları və yaratdığı problemlər” və “Erkən nikahla necə mübarizə apara bilərik?” mövzularında təqdimatlar hazırladılar. Təlimin çay və nahar fasilələrində də iştirakçı lider qızlarla mövzu ətrafında səmimi söhbətlər oldu.
Layihənin növbəti mərhələsində lider qızlarla birlikdə hər 3 şəhər məktəbində yuxarı sinfin qız şagirdləri arasında maariflənmə işi aparılacaqdır.