Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Babayev Kamran Osman oğlu tərəfindən 25 sentyabr 2016-cı il tarixindən 3 ay müddətinə “Gənc qızların voleybol turniri” layihəsi icra edilir. Layihə Astara rayonunda həyata keçirilir. Layihənin həyata keçirilməsinə Astara rayon İcra Hakimiyyəti, Astara rayon Gənclər və İdman İdarəsi, Astara rayon Təhsil şöbəsi Uşaq-Gənclər İdman Məktəbi, “Şəfəq” Ekoturizm İctimai Birliyi təşkilati dəstək vermişdir.
Layihə çərçivəsində Astara rayonun 8 məktəbini təmsil edən gənc qızlardan ibarət 8 komanda müəyyən edilmişdir. Yarışın Əsasnaməsinə uyğun olaraq Astara rayon Artupa kənd tam orta məktəbinin yenicə istifadəyə verilmiş idman zalında komandalar arası voleybol üzrə yarımfinal və final oyunları keçirilmişdir. Keçirilən yarımfinal oyunlarında Tüləgüvan kənd tam orta məktəbinin komandası Şəhər 6 saylı tam orta məktəbin komandası ilə, Artupa kənd tam orta məktəbin komandası Şəhər 2 saylı tam orta məktəbinin komandası ilə görüşdü. Bu görüşlərdən qələbə ilə ayrılan Tüləgüvan kənd tam orta məktəbi və Şəhər 2 saylı tam orta məktəbinin komandaları I və II yer uğrunda mübarizə üçün təkrar qarşı-qarşıya gəldilər. Artupa kənd tam orta məktəbi və Şəhər 6 saylı tam orta məktəbinin komandaları arasında keçirilən yarışda III yeri Şəhər 6 saylı tam orta məktəbinin komandası, II yeri Şəhər 2 saylı tam orta məktəbinin komandası, I yeri isə Tüləküvan kənd tam orta məktəbin komandası tutdu. Bütün komandalar diplom ilə təltif edildilər. Yarışın kuboku final mərhələsinin qalibi olmuş Tüləgüvan kənd tam orta məktəbinin komandasına təqdim edildi.
Layihənin həyata keçirilməsində məqsəd gənc qızlar arasında voleybol idman növünə marağı artırmaq, voleybol idman növü ilə məşğul olan bacarıqlı gənc qızların üzə çıxmasına kömək etmək və regionda məhz bu tip tədbirlərin keçirilməsinə töhfə verməkdir.