Ümidli Gələcək Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə avqust 2016-cı il, mart 2017-ci il tarixlərində Mingəçevir, Yevlax, Quba, Xaçmaz, Qusar, Lənkəran və Masallı rayonlarında “Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə” layihəsini həyata keçirməyi planlaşdırmışdır. Layihənin əsas məqsədi ucqar kənd və qəsəbələrdə yaşayan uşaqların (əsasən də, qız uşaqlarının) insan alverinin və erkən nikahın qurbanı olmamaları üçün maarifləndirici seminar və təlimlərin təşkili, psixoloji dəstək mexanizmlərinin işlənməsi, uşaq qaynar xətt xidmətinin təşviqi ilə uşaqların psixoloji və emosional dəstək mexanizmlərinin əlçatanlığının təmin edilməsi, erkən nikahların bəzən səbəb olduğu uşaq intiharlarının profilaktikasının aparılması və sağlam ailə və sağlam nəslin yetişməsinə dəstək verməkdir. Həyata keçirilən layihədə 700-dən çox uşaq və icma üzvlərinin maariflənməsi nəzərdə tutulubdur.
Məlumat üçün bildirmək istərdik ki, artıq Quba, Xaçmaz, Qusar rayonlarında təlimlər uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində növbəti təlimlər isə Mingəçevir şəhərində və Yevlax rayonunda həyata keçirilmişdir. Təlimdə dövlət və QHT nümayəndələri, bələdiyyə, o cümlədən rayon və kəndlərdə fəaliyyət göstərən dövlət strukturlarının nümayəndələri (İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Təhsil şöbəsinin, rayon üzrə məktəblərin müəllimləri, həkimlər və s.) iştirak etmişdilər. Təlim zamanı erkən nikahın qurbanı olmuş uşaq və gənclərlə sosial, psixoloji və hüquqi yardım işinin təşkilinə və həmçinin, mövzuya dair ümumi məlumatlar verilmişdir.
Həmçinin, təlimlər ucqar kənd və qəsəbələrdə fəaliyyət göstərən məktəblərin şagirdləri və valideynləri ilə də həyata keçirilmişdir.