Xətai Sənət Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi, Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şimali Kipr Türk Respublikası Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirildi.
Tədbir iştirakçıları Türk Dünyasının şəhidlərinin xatirəsini yad etdiklərindən sonra Azərbaycan və Şimali Kipr Türk Respublikasının dövlət himnini ifa etdilər.
Tədbirdə ilk olaraq Şimali Kipr Respublikasının ölkəmizdəki nümayəndəsi xanım Ufuk Turganer çıxış etdi. Öz çıxışında xanım sərgidə iştirak edən uşaqlara öz təşəkkürünü bildirdikdən sonra qeyd etdi ki, “Bakıda Şimali Kipr Respublikasının yaradılmasının 33-cü il dönümü münasibəti ilə təşkil olunmuş sərgi, sanki rəsm yarışması kimi oldu. Qardaş Azərbaycan uşaqlarının gözü ilə Şimali Kipr Respublikasını görmək çox təsirli idi. Sərgidə 5 yaşından başlayaraq daha yuxarı yaşda uşaqların təsəvvürlərindəki Şimali Kipri görmək çox qürurverici haldı. Sərgidə biri – birindən gözəl rəsmləri gördük. Biz bunu adət halına gətirmək istəyirik. İnşallah növbəti ildə qalib uşaqları canlı olaraq şimali Kiprə səyahət etmələrini də təşkil edərik.” Ufuk xanım “Türkiyə Universitetləri” İctimai Birliyinə və Xətai Sənət Mərkəzinə dəstəkləri üçün təşəkkür etdi.
Daha sonra sərgidə Türkiyənin ölkəmizdəki Fövqəladə və Səlayiyyətli səfiri Erkan Özoral, deputat Qənirə Paşayeva, “Türkiyə Unuversitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək uşaqlara öz təşəkkürlərini bildirdilər. Natiqlər çıxışlarında Türk Dünyasının əbədi liderləri M.K.Atatürk, Heydər Əliyev və Rauf Dektaşın Türk uşaqlarına əmanət etdiyi qardaşılğı sonsuza qədər davam etdirəcəklərini vurğuladılar.
Tədbirin sonunda sərginin təşkilatçıları tərəfindn sərgidə iştirak etmiş 125-dən çox uşaq və yeniyetmə diplomla təltif olundu.