Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsinin qalib olduğu “Regionlararası Gənclərin Mübariz Bilik Kuboku” layihəsinin icrası uğurla yekunlaşıb.
Layihənin rəhbəri Əlizadə Elvin Musaxan oğlunun verdiyi məlumata görə, layihənin yekun mərhələsi olaraq Biləsuvar şəhərində təşkil olunan gənclər arasında “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu keçirilib. Bu oyunda Biləsuvar, Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan 50 komanda (250 gənc) iştirak edib. Oyunların yekununda Biləsuvar rayonunu təmsil edən “Everst” komandası birinci, “Kavalerlər” komandası ikinci, ADPU-nin Cəlilabad filialını təmsil edən “Zəka” komandası üçüncü yeri tutub. Birinci yeri tutan komanda kubok, diplom və medallarla, ikinci və üçüncü yeri tutan komandalar isə diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, layihənin məqsədi cənub regionunda (Biləsuvar, Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı) intellektual gənclərin üzə çıxarılması olub.
Layihə çərçivəsində cənub regionunda layihə haqqında ilkin məlumatlandırma aparılıb, yerli icra nümayəndəliklərinin dəstəyi ilə gənclərlə görüşlər keçirilib, onlar intellektual oyunlar sahəsində əvvəlcədən maarifləndiriliblər.