4 noyabr 2016-cı il tarixində Şamaxı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icrasına start verilən “Gənc nəsil – Yeni intellekt” layihəsi üzrə təlimlər uğurla davam etdirilir. Layihə üzrə növbəti təlimlər 8 noyabr tarixində Şamaxı şəhər 3 saylı tam orta məkəbdə və 10 noyabr tarixində isə Şamaxı rayonunun Əngəxaran kəndində baş tutmuşdur. Layihədə iştirakı nəzərdə tutulan məktəblərin şagirdləri görüşdə layihə rəhbəri Vasif Şıxıyev və layihə üzrə təlimçi Kərimova Nargilə iştirak etmişlər.
Tədbirdə çıxış edən layihə rəhbəri, VIII qrant müsabiqəsinin qalibi Vasif Şıxıyev göstərilən dəstəyə görə Gənclər Fondunun rəhbərliyinə öz minnətdarlığını bildirdi. Layihə rəhbəri və təlimçi 3 ay müddətinə Şamaxı rayonunun bir neçə ümumtəhsil məktəbinin şagirdləri arasında reallaşdırılacaq layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verdilər, iştirakçıların suallarını cavablandırdılar.
Qeyd edək ki, “Gənc nəsil – Yeni intellekt” layihəsi Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində tətbiq edilən Milli Kurikulum Strategiyasının əsasında reallaşan bu tipli ilk rəsmi, intellektual layihədir. Layihəsinin keçirilməsində əsas məqsəd müxtəlif tipli intellektual oyunlar vasitəsilə gənclərimizə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətləri tanıtmaqdan ibarətdir. Məqsədlər sırasına həmçinin bölgəmizdəki intellektual gəncləri ictimaiyyətə tanıtdırmaq, gənclərimizin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək də daxildir.
Layihə Yeni Azərbaycan Partiyası Şamaxı rayon Təşkilatı Gənclər Birliyi, Şamaxı rayon Gənclər və İdman İdarəsi və “BUTA” Gənclər İctimai Birliyinin təşkilati dəstəyi ilə icra olunur.