2016-cı ilin 30 oktyabr tarixində İçərişəhərdəki “Abşeron” rəsm qalereyasında “Bu-Ta-nıtım” layihəsinin bağlanış mərasimi keçirildi. Tədbiri giriş sözü ilə “Bu-Ta-nıtım” layihəsinin rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakultəsinin 4-cü kurs tələbəsi Orxan Məmmədov açdı. Çıxışına gələn qonaqları salamlayaraq başlayan Orxan Məmmədov qeyd edib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə keçirilib və 3 gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 55 namizəd arasından seçilmiş olan 30 gənc rəssamın 48 ədəd əl işi nümayiş etdirilib.
Layihənin məqsədindən söz açan layihə rəhbəri onu da qeyd edib ki, layihənin məqsədi konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə tövhə vermək, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni qurmaq və gələcək inkişafına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirmək, Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən, şifahi və yazılı ədəbiyyatada türk etnosunun mifoloji düşüncəsini ifadə edən anlayış, simvol olan – BUTA-nın təbliğinin inkişafına təkan verməkdir. Eyni zamanda buta ornamentinin məhz Azərbaycan-Türk mənşəli olması dünyada çox az bilindiyi üçün mədəniyyətimizə sahib çıxıb, onu ən gözəl şəkildə təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq. Layihə rəhbəri əminlikə vurğulayıb ki, “Bu-Ta”-nıtım layihəsi, bu layihədə iştirak edəcək gənclərin istedadlarının üzə çıxarılması, onların ölkə daxili və ölkə xaricində əlaqələrinin yaradılması, öz milli dəyərlərimizin xaricdə tanıdılması, gələcəkdə onların Azərbaycan incəsənətində, rəssamlığında, DTS tanınmış rəssam kimi öz yerini tutmağına təkan verəcək.
Çıxışının yekunu olaraq Orxan Məmmədov gələn qonaqlara öz təşəkkürünü bildirib, hər kəsə uğurlar arzulayıb və çıxış üçün sözü Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Nurlan Məmmədliyə verib.
N.Məmmədov çıxışının əvvəlində gələn qonaqları salamlayıb. Layihə rəhbəri Orxan Məmmədovu və iştirakçıları “Bu-Ta-nıtım” layihəsi münasibəti ilə təbrik edib. Dövlətimizin gənclərə, gəncliyə olan qayğısından söz açıb. Layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib və qeyd edib ki, bu layihədə Abşeron rayon Mədəniyyət Mərkəzinin “Rəsm” dərnəyinin 9 tələbəsi və 1 nəfər Abşeron rayon sakini (təkəlduz ustası) olmaqla 10 nəfər gənc sənət ustasının 14 ədəd əsəri sərgilənib.
Tədbir mükafatlandırma ilə davam edib. Layihədə sərgilənən əl işlərinin müəlliflərini və layihənin təşkilində fəal iştirak edənləri layihə rəhbəri Orxan Məmmədov və Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Nurlan Məmmədli YAP Yasamal GB-nin sədri Bəxtiyar Nəbiyev və layihə rəhbəri Orxan Məmmədovun imzaladığı sertifikatla təltif edib.
“Bu-Ta-nıtım” layihəsinin bağlanış mərasimi Azərbaycan milli konservatoriyasının nəzdində musiqi kollecinin tələbələrinin (tar, kaman, nağara) və Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdlərinin (xanəndə) ifaları ilə başa çatıb.