22 oktyabr 2016-ci il Üzeyir Hacıbeylinin ev muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc musiqişünas Humay Fərəcovanın “Musiqiçi rəssamlar” adlı fərdi layihəsində rəsmlərdən ibarət kataloqun və gənc rəssamların rəsmlərindən ibarət sərgi baş tutdu.
Layihənin əsas məqsədi musiqiçi olaraq rəssamlığı və ya rəssam olaraq musiqini özü üçün hobbi və ilham mənbəyi kimi seçən 20-yə yaxın görkəmli Azərbaycan bəstəkarlarının, ifaçılarının (Ağalar Əliverdibəyov, Üzeyir Hacıbəyli, Arif Məlikov, İsmayıl Hacıbəyov, Oqtay Zülfiqarov və b.) eləcə də, gənc musiqiçi nəslinin ressamlıq sahəsində olan istedad və bacarıqlarını da ictimaiyyətə çatdırmaqdır.
Bu məqsədlə “Musiqiçi rəssamlar” adlı kataloq çap olunmuşdur ki, həmin kataloqun təqdimatı Üzeyir bəy Hacıbəylinin ev muzeyinin sərgi salonunda keçirildi. Təqdimat rəsmi və musiqili hissədən ibarət idi.
Ön sözlə Ü.Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcov açılış etdikdən sonra layihə rəhbəri layihə haqqında tamaşaçılara və rəsmi qonaqlara məlumat verdi.
Musiqili hissədə Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin I kurs tələbəsi Əlyev Elyar və musiqiçi – rəssam Hüseyn Əliyev fortepianoda çıxış etdi. Qeyd edək ki, Hüseyn Əliyevin ifasının fonunda rəssam Elturan Avalov kiçik bir rəsmlə musiqi ilə rəssamlığın vəhdətinin əyani sübutunu tamaşaçılara göstərdi.
Tədbirdə qonaq qismində gənc musiqiçi rəssamlar və dünyasının dəyişmiş musiqiçilərimizin qohumları olan dirijor Kazım Əliverdibəyov (Üzeyir Hacıbəylinin dayısı oğlu və musiqiçi-mühəndis Ağalar bəy Əliverdibəyovun oğlu), Ülviyyə Hacıbəyova (bəstəkar İsmayıl Hacıbəyovun yoldaşı), eləcə də, Milli Konservatoriyanın Musiqinin Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri Akif Quliyev, İctimai elmlər kafedrasının müdiri Firudun Qurbansoy, Həmkarlar ittifaqının sədri Hicran Hacızadə və başqaları da iştirak etmişdir.
Sonda iştirakçılara rəsmlərdən ibarət kataloq paylandı və gənc musiqiçi-rəssamların sərgisi ilə tanış olan hər bir kəs tədbirdən xoş təəssüratlarla ayrıldı.