Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində “C” kateqoriyası üzrə, 20 avqust – 20 noyabr 2016-cı il tarixlərini əhatə edən “Gənclərin kitab oxumağa marağının artırılması” adlı fərdi layihə yekunlaşıb.
Layihə çərçivəsində Gəncə şəhərində yaşayan və ya təhsil alan gənclərin bədii ədəbiyyata marağını artırmaq üçün yerli və əcnəbi yazıçıların yeni çıxan məşhur kitabları, kitab mütaliyəsinin ümumi faydaları haqqında onları maarifləndirmək üçün praktiki-görüşlər təşkil edilib və sonda Kitab Sərgisi baş tutub.
Layihənin məqsədi ölkənin ikinci böyük şəhərində yaşayan və eyni zamanda təhsil alan yeniyetmə və gənclərin mütaliyəyə, milli və dünya bədii ədəbiyyatı nümunələrinə həyata keçiriləcək görüşlər, sərgi və səyyar aksiyalar təşkil etmək, eyni zamanda onlar arasında kitab mübadiləsi şəbəkəsini yaratmaqla ümumi marağı artırmaqdır.
Sözügedən layihə çərçivəsində Gəncə şəhərində fəaliyyə göstərən təhsil müəssisələrində və gənclər təşkilatlarında maarifləndirici görüşlər təşkil olunub. Belə ki, Gələcəyə Körpü Gənclər Birliyi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və layihənin əməkdaşı olan Gəncə Kitab Klubunda seminarlar təşkil olunub. Görüşlərdə əsas diqqət hazırda gənclərimizin mütaliyə barəsindəki real problemləri, həlli yolları, kitab oxumağın faydaları və s. müzakirələr edilib və kitab faydalarından bəhs edən təqdimatlar nümayiş etdirilib.