Binəqədi rayon Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Ülkər Qəhrəmanlının “Milli ruh” adlı layihəsi həyata keçirilib.
06 oktyabr 2016-cı il tarixdə baş tutan layihənin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihənin rəhbəri Ülkər Qəhrəmanlı, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ülkər Qəhrəmanlı layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə Gənclər Fonduna və təşkilatçılara öz təşəkkürünü bildirib.
Sonra çıxış edən təlimçi Mahmud Məmmədzadə xalqımızın sahib olduğu zəngin tarixi keçmişdən, milli-mənəvi dəyərlərdən bəhs edib. Qeyd edib ki, ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlər ümumilikdə gənc nəsildə milli ruhun möhkəmlənməsinə xidmət edir. Müharibə şəraitində yaşadığımızı nəzərə çatdıran natiq gənclərin vətənə, dövlətə bağlı olmasının, zəngin dövlətçilik irsinin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıb.
18-19 oktyabr 2016-cı il tarixdə layihə çərçivəsində növbəti təlimlər və layihənin yekununa həsr olunmuş tədbir keçirilib.
Diskussiya formasında keçirilən təlimlərdə layihə iştirakçıları Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında fikir mübadiləsi aparıb, eləcə də dünyada gedən qloballaşma fonunda milli dəyərlərin, adət-ənənələrimizin qorunması ilə bağlı təkliflərini səsləndiriblər.
Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif olunublar.