Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “C” kateqoriyası üzrə həyata keçirilən “Savaş meydanı – silahı bilikdir” intellektual yarışlar layihəsi çərçivəsində Ucarda növbəti tədbir keçirilmişdir.
Layihə intellektual oyunlarda maraqlı olan gənclər üçün təlimlərin və turnirin təşkil olunmasından ibarətdir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Sözügedən layihə isə bu siyasətin davamı olaraq gənclərin intellektual səviyyəsinin, gənclərin bu sahəyə olan marağının artırılmasına, bu sahədə fərqlənən gənclərin üzə çıxarılmasına, mükafatlandırılmasına, onlar üçün həvəsləndirici tədbirlərin görülməsinə xidmət edir.
Tədbirin keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Mümkün olduğu qədər daha çox gənci intellectual sahəyə yönləndirməkdir. Buna görə də ilk növbədə iştirak etməyi arzulayan yeniyetmələrin seçimi aparılmışdır. Onlar arasında maarifləndirmə işi aparılmış, turnirin təşkil olunması üçün 6 komanda yaradılmışdır. Turnirin sonunda isə qalib komandalar və fərqlənən oyunçular mükafatlandırılmışdır.