Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Bakının Nizami rayonundakı “Zəngi” liseyində baş tutub.
S.Novruzzadə deyib ki, layihənin həyata keçirilməsində əsas məqsəd milli musiqimizi yeniyetmə və gənclərimizə sevdirmək, Azərbaycan mədəniyyətinin təşəkkülündə xidmətləri olan korifey sənətkarları təbliğ etmək və bu sahənin inkişafına töhfə verməkdir.
S.Novruzzadə qeyd edib ki, layihə həm də musiqi sahəsində xüsusi istedadı olan gənclərin üzə çıxarılmasına xidmət edir. Layihə rəhbəri verdiyi dəstəyə görə “Zəngi” liseyinin rəhbərliyinə təşəkkür edib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov sözügedən layihənin əhəmiyyətindən danışaraq, gənc nəslin milli mədəniyyətimizin bir hissəsi olan musiqimizlə bağlı maarifləndirilməsinin vacibliyini önə çəkib: “Yeniyetmə və gənclərimizin tariximiz və mədəniyyətimizlə bağlı daha artıq dərəcədə maarifləndirilməsi hər zaman aktualdır. Bu layihənin məqsədlərindən irəli gələrək yeniyetmələrimizin milli musiqimizlə əlaqədar bilgiləndirilməsi çox vacib məsələdir. İndiki qloballaşma prosesində bu məsələnin əhəmiyyəti daha da artır”.
“Zəngi” liseyinin direktor müavini Nigar Məmmədova müasir gənclərin milli ruhdan qopmamasının vacibliyini vurğulayaraq, bu çərçivədə milli musiqimizin gənclər arasında ardıcıl təbliğinin davamlı olmasını tövsiyə edib.
“İqtisadçı tələbələrə Dəstək” İctimai Birliyinin sədri Nihad Allahyarlı deyib ki, qloballaşan dünyada milli kimliyi, milli dəyərləri qorumağın yollarından biri də milli musiqimizin mühafizə və təbliğ edilməsidir. Bu isə analoji layihələrin daha geniş miqyasda icrasını qaçılmaz edir.
Daha sonra Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə, müəllimə Səbinə Babalı, gənc fəal Elçin Babayev, “Zəngi” liseyinin şagirdləri Selen Süleymanlı, Əzizə Həsənli və başqaları çıxış edərək, yeniyetmə və gənclərimizin formalaşmasında milli musiqimizin özünə məxsus təsirinin olduğunu bildiriblər.