Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, həmçinin Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Zehni Düşündürən İdman Yarışı – Şahmat” adlı layihənin müsabiqə mərhələsi keçirilmişdir. Yarış 3 gün davam etmişdir.
Tədbirin ilk günü gənc şahmatçılara yarışın qaydaları xatırladıldı. Daha sonra püşk atma üsulu ilə iştirakçılar bölüşdürüldü. Yarış İsveçrə sistemi ilə 7 turdan ibarət idi. 3 gün ərzində hər bir iştirakçı topladıqları xallara müvafiq olaraq, bir-biri ilə mübarizə apardı. Sonda ən yüksək xal toplamış iştirakçılar ilk üçlük uğrunda mübarizə apardılar. Belə ki, 1-ci yeri Eynullayev Altay, 2-ci yeri Eynullayev Atilla, 3-cü yeri isə Allahverdiyev Rəqail qazandı.
Tədbirin sonunda layihə rəhbəri Rəşad Rəhimov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və Xəzər Rayon Gənclər və İdman İdarəsinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi, həmçinin gəncləri uğurlu fəaliyyətlərinə görə təbrik etdi. Daha sonra Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək, gənc şahmatçılara növbəti yarışlarda uğurlar arzuladı və onları hər zaman belə fəal olmağa dəvət etdi. Sonda qaliblər Diplomla, digər iştirakçılar isə Sertifikatla təltif olundular, habelə bütün iştirakçılara şahmat taxtası hədiyyə olundu və tədbir xatirə şəkilləri ilə yekunlaşdırılmışdır.
Qeyd edək ki, “Zehni Düşündürən İdman Yarışı – Şahmat” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII Qrant müsabiqəsinin qalibi olmuşdur. Layihənin başlıca məqsədi, Xəzər rayonunda yaşayan gənclərin şahmat bacarıqlarını qiymətləndirmək, onları bu idman yarışına motivasiya etmək, həmçinin gəncləri şahmat kimi zehnin düşünmə qabiliyyətini yüksəldən idman növlərinə cəlb etməklə, onları zərərli vərdişlərdən uzaq tutmaqdır.