Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Dini radikalizmlə mübarizədə gənclərin rolunun artırılması” adlı layihəyə yekun vurulub.
Yekun mətbuat konfransında təşkilatın sədri Ramin Xudayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Dövlət Sosial – İqtisadi Kollecinin direktoru Laçın Səfərəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mətbuat konfransında qeyd olunub ki, adı çəkilən layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə etməklə iyul ayının 1-də başlamış və 3 ay ərzində davam etmişdir. Layihə müddətində rayonlarda tədbirlər keçirilmiş, təlim təşkil olunmuş və Quba şəhərində 50 nəfər gəncin iştirakı ilə 4 gün ərzində həyata keçirilmişdir. Təlimi bu sahədə peşəkar fəaliyyət göstərən şəxslər təşkil etmişlər. Bundan başqa layihə müddətində kitabça və buklet hazırlanmış, rayonların ərazisində gənclərə paylanılmışdır. Həyata keçirilən tədbirlər internet resurslarda və KİV-də işıqlandırılmışdır.