Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Dostluq” gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyinin təşkilatçılığı ilə reallaşan “Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri” adlı layihənin tədbirləri regionlarda uğurla davam edir. Növbəti tədbirlər Tərtər, Bərdə, Mingəçevir, Göyçay və digər rayonlarında həyata keçirilməkdədir.
İctimai Birliyin sədri f.f.d. Y.Ağayev Tərtər, Bərdə, Mingəçevir, Göyçay rayonlarında keçirilən tədbirlərdə çıxış edərək gənclərə layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradıldığını, Azərbaycan dilinin müasir zamanda formalaşma meyillərindən, gənclərin bu prosesdə aktiv iştirakının mümkün nəticələrindən danışıb. Qeyd edib ki, əsas məqsəd Azərbaycan dilinin inkişafı ilə bağlı dövlətimizin apardığı siyasətə dəstək verməkdir. Bu dili inkişaf etdirmək, gələcək nəsillərə ötürmək bizim ali vətəndaşlıq borcumuzdur. Y.Ağayev ədəbi dilimizin özünəməxsus inkişaf qanuna uyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində təlimlərin bu sahədə olan problemləri aradan qaldıracağına inandığını bildirib.
Layihə üzrə sessiyalarda ekspertlərin çıxışları dinlənilib. Ekspertlər filologiya elmləri doktoru, professor A.Bayramov, f.e.d. professor M.Quliyev, C.Abdullayev, E.Musayev, R.Əliyev, T.Şahbazova və digərləri layihənin mövzusunun günümüzdə aktuallıq kəsb etdiyini bildiriblər. Onlar “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və digər müvafiq sənədlərin əhəmiyyətini qeyd ediblər.
Çıxışçılar eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edildiyini, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbitini gənclərin diqqətinə çatdırıblar. Daha sonra bu sahədə mövcud olan qanunvericiliyin mükəmməl olduğuna diqqət cəkərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə yönəlmişdir və 2013–2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutulduğunu qeyd etmişlər.
Tədbirlər qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.