Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İş Sizlikdir! İşgüzar Gənclik” adlı layihənin təlimlərinə yekun vurulub. Layihə çərçivəsində Bakı şəhərində 3 gün, hər gün 30 yeni iştirakçı cəlb olunmaqla ümumilikdə 90 nəfər tələbə – gəncin iştirakı ilə “Uğurlu CV”, “Uğurlu Müsahibə” və “Uğurlu Karyera” mövzularında təlimlər keçirilmişdir. Keçirilən təlimlər böyük maraqla qarşılanmış və təlim iştirakçıları effektiv iş axtarışı, peşəkar CV hazırlanması, iş müsahibələrindən uğurla keçmə və uğurlu karyera planlaması haqqında faydalı bilgilər ədlə etmişər.
Təlimlərdə çıxış edən layihə rəhbəri İlqar Həşimov iştirakçılara layihənin məqsədi və təlimlərin önəmi haqqında məlumat vermişdir. O, həmçinin qeyd etmişdir ki, layihəyə çox böyük maraq olmuşdur. Belə ki, öncədən verilmiş elanlar nəticəsində layihədə iştirak üçün 600-dən çox elektron müraciət daxil olmuşdur. Layihə heyəti tərəfindən bütün müraciətlərə baxılmış və layihənin məqsədinə uyğun olaraq, istək məktubu əsasında 90 nəfər tələbə-gənc seçilmişdir. Layihə rəhbəri bütün iştirakçılara uğurlar arzu edərək, layihənin onlar üçün iş həyatında faydalı olacağına ümid etdiyini vurğulamışdır.
Layihə çərçivəsində “Uğurlu CV” mövzusunda “First Step Career Center”-in rəhbəri, təlimçi Miryusif Cavadzadə təlimlər aparmış və iştirakçılara peşəkar CV hazırlanması yolları, CV-nin formatı, tərkibi və CV hazırlayarkən diqqət ediləcək təməl qaydalar haqqında öyrədici məlumatlar vermişdir. “Uğurlu Müsahibə” və “Uğurlu Karyera” mövzularında təlimlər aparmış Odlar Yurdu Universitetinin “Karyera və Fərdi İnkişaf ” mərkəzinin direktoru, təlimçi Zaur Məmmədov gənclərlə müsahibə formaları, uğurlu müsahibə qaydaları, düzgün karyera planlaşdırılması və karyera xətti mövzuları haqqında dəyərli fikirlərini bölüşmüş, iş həyatında rastlaşdığı praktiki nümunələr göstərmişdir.
Hər bir təlimin sonunda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılmış və layihənin faydalılığını daha da artırmaq məqsədi ilə layihə rəhbərinin təşəbbüsü ilə bütün təlim iştirakçılarının CV-lərinin təlimçilər tərəfindən diaqnostik qiymətləndirilməsi aparılmış, onlara lazımi düzəlişlərin edilməsi tövsiyyə edilmişdir. Sonda bütün təlim iştirakçılarına sertifikatlar və digər paylama materalları təqdim olunmuşdur.