Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN School” könüllülük məktəbinin “ASAN Kadr” Karyera mərkəzi, “ASAN Könüllüləri” təşkilatı və Yüksək Texnologiyalar Parkının təşkilati dəstəyi ilə “#SMM2016 Business Breakfast” layihəsinin açılış mərasimi baş tutub.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “ASAN School” təcrübə məktəbinin rəhbəri Changir Hacıyev, “ASAN Könüllüləri” təşkilatının rəhbəri Bəxtiyar Hacıyev və layihə rəhbəri Ləman Əhmədova çıxış edərək layihənin önəmindən danışıblar.
Qonaqlar çıxış edərək bildiriblər ki, sosial media artıq insanlar üçün vaxt keçirmək, oyun oynamaq , əylənmək üçün yox, daha operativ informasiya əldə etmək, iş münasibətləri qurmaq, məhsulun effektiv satışı, faydalı ünsiyyət qurmaq üçün çox önəmlidir.
Qeyd olunub ki, #SMM2016 Business Breakfast layihəsi, gənclərə sosial şəbəkələrin daha səmərəli istifadə olunması baxımından faydalı olacaq.
Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara PR, Marketinq, Branding, Rəqəmsal Marketinq, Multimedia, Ustad dərsləri və s. kimi istiqamətlər üzrə peşəkar mütəxəssislər öz təcrübələrini bölüşəcək.
Sözügedən təlim proqramı bitdikdən sonra iştirakçılar şirkət rəhbərləri ilə işgüzar nahar edəcəklər. Naharın keçirilmə səbəbi müsahibə və müzakirənin keçirilməsi üçün rahat atmosfer yaratmaq və gənclərin özlərini ifadə etmək üçün imkan yaratmaqdır.
İşgüzar nahar zamanı şirkət rəhbərləri hər komandaya problem qoyacaq və həlli üçün bir saat vaxt verəcək.
Ən effektiv təklifi irəli sürən iştirakçı təcrübə üçün şirkətə göndəriləcək və digər mükafatlarla təltif olunacaqlar.
Layihənin əsas məqsədi SMM sahəsində peşəkar təlim proqramı tərtib etmək və əmək bazarına SMM mütəxəssislərini çıxartmaqdır.