30 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İB-nin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə region gənclərinin rolunun artırılması” adlı layihənin növbəti tədbiri Xaçmaz şəhərində baş tutdu.
Tədbirdə İctimai birliyin sədri Ramin Xudayev, Xaçmaz RİH başçısının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz və Quba rayonlarının Gənclər və İdman İdarələrinin əməkdaşları, dindarlar və gənclər iştirak edirdilər.
Tədbirdə çıxış edən birliyin sədri Ramin Xudayev layihə haqqında geniş məlumat vermiş və bildirmişdir ki, üç ay ərzində icra olunacaq layihənin əsas məqsədi Quba, Qusar və Xaçmaz rayonlarından olan gəncləri Quba şəhərində keçiriləcək təlimlərə cəlb etmək və onların dini radikalizmlə mübarizə sahəsində peşəkarlar tərəfindən keçiriləcək təlimlərdə topladıqları bilik və bacarıqları daha sonra yaşadıqları ərazilərdə tətbiq etməkdən ibarətdir.
Quba rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Mahmudov çıxışında Gənclər Fondu tərəfindən bu qəbil layihələrin dəstəklənməsini müsbət hal kimi dəyərləndirərək qeyd etdi ki, region gəncləri arasında təbliğatın aparılması və bunun məhz gənclər təşkilatları tərəfindən həyata keçirilməsi effektivliyi bir qədər də artırmış olacaqdır.
Digər çıxış edən natiq Xaçmaz rayonu Qaraqurtlu kənd məscidi dini icmasının sədri Mübariz Abdullayev Azərbaycanda əsrlər boyu mövcud olan İslam ənənələrindən və yad elementlərin mövcud ənənələri sıxışdırmaq cəhdlərindən söz açdı.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.