Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Pirverdiyev Qadir Şakir oğlu Fondun dəstəyi ilə “Tullantısız, təmiz ətraf mühit!” layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihə 3 ay müddətində (avqust-oktyabr) Şabran rayonunda həyata keçiriləcəkdir.
Layihənin keçirilməsində əsas məqsəd gəncləri ətraf mühitin tullantılardan təmizlənməsinə qarşı mübarizə üçün maarifləndirmək və onların bu sahədə rolunu artırmaqdır.
Layihə rəhbəri Pirverdiyev Qadir: ”Məqsədə çatmaq üçün aşağıdakı vəzifələri qarşıya qoymuşam.
1. Şabran rayonunda fəaliyyət göstərən peşə, orta məktəblərin şagirdlərinin ətraf mühit haqqında biliklərini inkişaf etdirmək üçün gəncləri bir araya toplayaraq layihəyə cəlb etmək.
2. Layihədə ətraf mühitə düşən tullantıların miqdarının təbiətin onu parçalaya və zərərləşdirə biləcəyindən çox olmamasının vacibliyini aşılamaq.
3.Gəncləri ətraf mühitin tullantılarla çirkləndirilməsinə qarşı mübarizə üçün maarifləndirmək və onların bu sahədə rolunu artırmaq.
Qeyd edək ki, layihə başa çatdıqdan sonra başqa regionlarda da “Tullantısız, təmiz ətraf mühit!” layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Bu layihədə fərqlənən gənclər sonrakı layihələrdə təlimçı kimi fəaliyyət göstərəcəklər. Bu da layihənin davamlılığını qismən təmin edəcək.