“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Azərbaycan – dini dözümlülük üçün nümunə” adlı layihənin icrasına yekun vurdu.
Layihənin həyata keçirilməsində məqsəd islam dininin gənclər arasında düzgün təbliği, onlarla dini düşmənçilik, dini radikalizm və ya dini fanatizma qarşı mübarizə üsulları haqqında maarifləndirmə işinin aparılmasıdır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilib.
Layihə çərçivəsində gənclərə mövzu ilə bağlı bukletlər paylanılmışdır. Ümumilikdə layihə çərçivəsində 360 nəfər gənc birbaşa iştirakçısı olaraq, layihədən bəhrələnmişdir. Layihə təlim və seminar formasında həyata keçirilmişdir. Təlimlərdə Hacıqabul rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə yaşayan gənclər də iştirak etmişdir.
Birliyin sədri Xalid Rəcəbli bildirib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır.
Zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi sanki cəmiyyətlərdəki etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Hazırda dünya miqyasında dini ayrı-seçkilik güclənməkdə, hətta bəzən dini zəmində qarşıdurmalara gətirib çıxarmaqdadır. Belə neqativ halların Vətənimizə sirayət etməməsi və ölkəmizdə dini müxtəlifliyin vəhdəti üçün cəmiyyətdə tolerantlığın hakim mövqe tutması labüddür.
Tolerantlıq – dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünü ifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.