05 avqust 2016-cı il tarixində “Milli Dəyər” layihəsi çərçivəsində hazırlanan qısametrajlı filmin təqdimatı və layihənin bağanış mərasimi keçirilib.
Bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktor müavini Cəmilə Allahverdiyeva, bir sıra dövlət qurumlarının və gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.
İlk olaraq “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev çıxış edərək layihə çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib. Onun qeyd etdiyinə görə əsas mövzusu vətənpərvərlik, milli-mənəvi dəyərlərin gənc nəsilə təbliği istiqamətinə uyğun olaraq hazırlanmış film milli dəyərlərimizin hələ də sevilməsinə, unudulan abidələrin yaddaşlardan silinməməsi və film şəklində yaddaşda saxlanılmasına xidmət göstərir.
Ümumumilikdə 3 ay müddətində davam edən layihə çərçivəsində əsas mövzusu vətənpərvərlik, milli-mənəvi dəyərlərin gənc nəsilə təbliği istiqamətinə uyğun olaraq teatr tamaşa oynanılmışdır. Eyni zamanda milli dəyərlərimizin təbliği istiqamətinə uyğun olaraq gənclərlə görüşlər keçirilmiş və onların iştirakı ilə sərgi təşkil olunmuşdur.
Sonra Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva çıxış edərək Gənclər Fondunun fəaliyyəti və gənclər üçün yaradılmış imkanlar barəsində məlumat verdi və Fondun daima bu istiqamətdə keçirilən layihələrə dəstək olduğunu qeyd etdi. Layihənin sonunda iştirakçılara şəhadətnamə və diplomlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının dəstəyi ilə keçirilən layihənin əsas məqsədi müasir texnoloji biliklərdən istifadə etməklə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından müstəqil respublikamızın mədəniyyət siyasətinin əsas vəzifələrindən biri kimi gəncləri təşviq etmək, onların milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaq, yaradıcı gənclərin mədəniyyət və incəsənətə olan maraqlarını artırmaq və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün zəruri şərait yaratmaqdan ibarətdir.