Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dostluq gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri” adlı layihənin növbəti tədbiri həyata keçirilmişdir.
Tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat verilmiş, layihənin keçirilmə məqsədləri və əsas qarşıya qoyulmuş prioritet məsələlər barədə söz açılmışdır. Qeyd edilmişdir ki, əsas məqsəd Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlətin apardığı düşünülmüş siyasətin gənclər arasında düzgün təbliği və yerlərdə icrası zamanı sistemli yanaşmanın formalaşdırılması yollarını müzakirə etməkdir. Natiq, çıxışı zamanı müasir dövrdə dilimizin inkişaf qanunauyğunluqlarının artan və günü-gündən dəyişən dünya hadisələrinə münasibətdə təsir altında qalır və müxtəlif inkişaf istiqamətləri götürür. Bu isə öz-özlüyündə daha ciddi yanaşma və kompleks əhatəni gərəkdirir. Təlim zamanı Azərbaycan dilinin gündəlik inkişaf tempinə uyğun olaraq gənclərin bu yeniliklərə münasibəti, əsas təsiretmə mexanizmi kimi gənclərin rolu və tutduğu mövqeyi barədə məqamlara toxunulmuşdur.
Layihənin növbəti sessiyası, ekspert Rəfail Əliyevin çıxışı ilə davam etmişdir. Təlimin bu hissəsi daha interaktiv keçməsi ilə yadda qalmış, iştirakçıların gündəlik həyatda rastlaşdığı problemlər və hadisələr barədə fikirləri dinlənilmişdir. Əsasən gənclərin müxtəlif sosial qruplarda dillə bağlı tutduqları mövqe və bu sahədə gənclərin simasında əsas vəzifələr və öhdəliklər barədə müzakirələr aparılmışdır. Təlimin yekununda təlimçi tərəfindən “Dostluq gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyi” və “Sorğu sosial araşdırmalar insitutu”nun birgə hazırladığı sosial sorğu anketləri iştirakçılara paylanılmış, iştirakçıların mövcud problemlər və inkişaf istiqamətləri ilə bağlı mövqeləri öyrənilmişdir.
Təlimin yekununda iştirakçılara sertifikat təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.