“Gənclərin İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması” adlı layihəsi çərçivəsində 22 İyul 2016-cı il tarixində Lənkəran şəhərində yekun konfransı keçirmişdir. Tədbirdə fəal gənclərlə yanaşı, Lənkəran Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə nümayəndələri, Lənkəran şəhər icra aparatının nümayəndələri, Lənkəran rayon Dini İcmanın nümayəndəsi, müxtəlif idarə və təşkilat nümayəndələri və digər rayon ziyalıları və ağsaqqalları iştirak etmişlər.
Konfrans Gənclərin İnkişafına Dəstək ictimai birliyinin rəhbəri Murad İbrahimov tərəfindən açıq elan edilmiş və torpaqlarımızın bütövlüyü uğrunda şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. O, layihə çərçivəsində ayrı-ayrı rayonlarda keçirilən tədbirlərdən və gənclərlə olan görüşlərdən danışaraq onların vətənpərvər ruhda olduqlarından söz açmış və bu cür tədbirlərin mütəmadi olaraq aparılmasının vacibliyini qeyd etmişdir. O, tədbir iştirakçılarını konfransın gündəliyi ilə tanış edərək konfransın işinə uğurlar arzu etmişdir.
Daha sonra layihənin təlimlərinin hazırlanmasında və keçirilməsində rolu olan mütəxəssis t.e.n. Mobil Pencəliyev layihənin əhəmiyyətindən və gənclərin milli ruhda böyümələrinin faydasından söz açmışdır. O, ölkəmizdə heç bir fərq qoymadan insanların dini inanclarına hörmət bəsləməsindən və tolerant ölkə olaraq müxtəlif millətlərin dini inanclarına sahib çıxmaları üçün əlverişli şəraitin yaradıldığından söhbət açaraq, Azərbaycanın əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmasından və eləcə də mültikultural dəyərlərə sahib ölkə olaraq dünyaya bir nümunə olmasından bəhs etmişdir.
Konfrans işini davam etməklə müxtəlif çıxışlar və müzakirələr aparılmışdır. Belə ki, Lənkəran Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Mehman Əliyev, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə nümayəndəsi Vüqar Şahbazov, Lənkəran rayon Dini İcmanın nümayəndəsi Samid Quliyev, müxtəlif idarə və təşkilat nümayəndələri və digər rayon ziyalıları çıxış edərək Azərbaycanın multikultural dəyərlərə sahib ölkə olduğundan söhbət açaraq insanların dini inanclarından istifadə etməklə onları radikallığa və ekstremizmə sövq etmək kimi mənfi halların yolverilməz olduğu bildirilmişlər.
Sonda Azərbaycanın dövlət himni səsləndirilmiş və iştirakçılarla xatirə şəkili çəkilmişdir.