Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalının final mərhləsinin oyunları keçirilib.
Quba şəhər Şahmat Məktəbində keçirilən turnirin finalında seçim turlarının qalibləri olan 8 komanda mübarizə aparıb.
Final oyunlarında Qusar “Red Army”, Siyəzən “Marşal” və “Zirvə”, Şabran “Loqos”, Xaçmaz “Mein Kampf” və “Piramida”, Quba rayonu isə “Uran” və “Qımılqışlaq” komandaları ilə təmsil olunub.
Rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin məqsədindən danışıb, 2011-ci ildən bu yana Gənclər Fondunun dəstəyi ilə ölkə ərazisndə gənclər təşkilatları və gənclər tərəfindən reallaşdırılan layihələrdən və onların əhəmiyyətindən söz açıb. Tədbirdə çıxış edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev çıxışında qeyd edib ki, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində gənclər siyasətində yeni nəfəs formalaşmağa başlayıb, yeni-yeni istedadlı, bacarıqlı gənclər üzə çıxarılıb, eyni zamanda reallaşdırılan beynəlxalq layihələr sayəsində də Azərbaycanımızın dünyada təbliğ istiqamətində əhəmiyyətli işlərə imza atılıb.
Rəsmi hissədə eyni zamanda Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Şabran rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Bağırov da iştirak edib.
Rəsmi hissədən sonra turnirə start verilib. Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən turnirdə komandalar 45 sualı cavablandırıb.
Nəticədə “Uran” biliciləri 32 sualı doğru cavablandıraraq turnirin qalibi adını qazanıb. Xaçmaz rayonunu təmsil edən “Piramida” komandası 21 xalla ikinci, “Mein Kampf” komandası isə 18 xalla üçüncü mükafata layiq görülüb.
Yekunda qaliblərə və mükafatçılara təşkilatçılar tərəfindən kuboklar, medallar, diplomlar və kitablar təqdim edilib.
Qeyd edək ki, layihə çərçivəsində şımal zonsına daxil olan Siyəzən, Şabran, Xaçmaz, Quba, və Qusar rayonlarında keçirilən tədbirlərdə ümumilikdə 300 nəfər gənc faydalanıb.