“Atəşgah” İntellektual Oyunlar Klubu, Beynəlxalq Klublar Assosiasiyasının Sankt-Peterburq filialı, Azərbaycan İntellektual Oyunlar Federasiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azerbaijan – Land of fire” adlı beynəlxalq intellektual festival 9-10 iyul 2016-cı il tarixlərində Rusiya Federasiyasının Kalininqrad şəhərinin “Radisson” otelinin “Königsberg” zalında baş tutmuşdur.
Turnirdə xarici bilicilərdən təşkil olunmuş 24 komanda iştirak edib. Festivalın proqramına “Nə? Harada? Nə zaman?” və milli intellektual oyun olan “Xəmsə” üzrə yarışlar təşkil edilmişdir. Yarışda istifadə olunan suallar toplusunun müəllifləri isə Beynəlxalq Klublar Assosiasiyasının sertifikatlaşdırılmış redaktorları Aleksandr Karabeynikov (Saratov), Dmitri Borok (Samara), Aleksandr Kudryavtsev (Nikolayev), Maksim Merzlyakov (Voronej), Timur Barskiy (Təl-Əviv), Dmitri Başuk (Xarkov) və Yevgeni Kalyukov (Moskva) olmuşlar.
Festivalın aparıcısı tanınmış bilici İlya Novikov olmuşdur. Turniri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov açıq elan edib. O, ölkəmizdə aparılan gənclər siyasətinin prioritet istiqamətlərindən biri kimi intellektual oyunların həyata keçirildiyini qeyd etmiş və Azərbaycanla bağlı bu festivalın gələcəkdə də Fond tərəfindən dəstəklənəcəyini bildirmişdir.
Daha sonra çıxış edən “Atəşgah” İntellektual Oyunlar Klubunun prezidenti İlkin Yetirmişlinin sözlərinə görə, festivalın keçirilməsində məqsəd əcnəbi biliciləri intellektual oyunlar vasitəsilə Azərbaycanın tarixi və mədəni irsi ilə tanış etməkdən ibarət olduğunu bildirmişdir.
Festival iki gün davam edib. Turnirin bütün iştirakçılarına Azərbaycanla bağlı suvenir və hədiyyələr təqdim edilib. Festivalın qalibləri isə dəyərli mükafatlar, medallar və kuboklar ilə təltif ediliblər.