Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri” adlı layihənin ilk tədbiri həyata keçirilmişdir.
Tədbirdə Dostluq gənclərin əlaqələndirmə mərkəzinin sədri Yusif Ağayev çıxış edərək layihə barədə geniş məlumat vermiş, Azərbaycan dilinin müasir zamanda formalaşma meyllərindən danışmış, gənclərin bu prosesdə aktiv iştirakının mümkün nəticələri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, əsas məqsəd Azərbaycan dilinin inkişafı ilə bağlı Azərbaycan Dövlətinin apardığı siyasətə dəstək verməkdən ibarətdir. Natiq, “Azərbaycan dili milli təhsil, milli birlik deməkdir, missiyamız bu dili inkişaf etdirmək, gələcək nəsillərə ötürmək və bu bizim ali vətəndaşlıq borcumuzdur” fikirləri ilə çıxışına davam etmişdir. Həmçinin ədəbi dilimizin özünəməxsus inkişaf qanuna uyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində təlimlər bu sahədə olan problemləri aradan qaldıracağına inandığını qeyd etmişdir.
Layihənin ilk sessiyasında ekspertlərin çıxışları yadda qalmışdır. Filologiya elmləri doktoru, professor Akif Bayramov, professor Musa Quliyev layihənin əsas müzakirə mövzusunun günümüzdə aktuallığı barədə məlumatlar vermiş, aparılan uğurlu dövlət strategiyasının nəticələri barədə danışmışlar. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı, Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və digər bu sahədə quvvədə olan qanunlar barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirin yekununda iştirakçıların fikirləri dinlənilmiş, təlim fikir mübadiləsi şəraitində davam etmişdir. Yekunda iştirakçılara sertifikat təqdim olunmuşdur.