“Azərbaycan” İntellektual Oyunlar Klubu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Təhsil Nazirliyinin dəstəyi ilə “Parlaq Zəka” intellektual çempionat layihəsinin final oyunu keçirilib. AzGF-un 8-ci qrant müsabiqəsinin qalibi olan layihə ümumilikdə Bakı şəhərinin Yasamal, Nəsimi, Binəqədi, Xətai, Nərimanov, Səbail, Qaradağ və Pirallahı rayon məktəbləri arasında keçirilib.
Finala vəsiqə qazanan Xətai rayonundan Zəkalar liseyi, Pirallahı rayonu 168 saylı məktəb, Nəsimi rayonu 16 saylı məktəb, Binəqədi rayonu 299 saylı məktəb, Yasamal rayonu Zərifə Əliyeva adına Lisey, Qaradağ rayonu 320 nömrəli məktəb Nərimanov rayonu 291 nömrəli Ekologiya liseyi, Səbail rayonu 49 nömrəli məktəblər finala vəsiqə qazanıblar. Belə ki, Yasamal rayonu üzrə Zərifə Əliyeva adına lisey üçüncü yer, Xətai rayonunu təmsil edən Zəkalar liseyi ikinci yerin sahibi olub. “Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası ikinci çempionatın qalibi isə Binəqədi rayonunu təmsil edən 299 saylı məktəb-liseyi olub.
“Parlaq Zəka” layihəsinin rəhbəri və aparıcısı Aydın Piriyev layihə barədə fikirlərini bölüşüb: “Biz bu çempionatların mütəmadi status almağını istəyirik. Və inanırıq ki, yeni tədris ilində məktəblilərlə bir daha görüşəcəyik.”
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan layihə ümumilikdə Bakının 8 rayonunu əhatə edən məktəblər arasında keçirilib. Oyun humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri əhatə edir.