Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” layihəsinə start vermişdir. Layihə Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında gənc kənd sakinləri arasında seminarların təşkil edilməklə həyata keçirilmişdir.
Tədbirlərdə hər bir rayonunun müxtəlif kəndlərindən 70 nəfər olmaqla ümumilikdə 280 nəfər gənc iştirak etmişdir.
Layihənin rəhbəri fəlsəfə doktoru İlqar Orucov seminar iştirakçılarına layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində qarşıya qoyulan hədəflər haqqında məlumat vermişdir. Bildirmişdir ki, layihənin əsas məqsədi Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarının kəndlərində aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl turizmini stimullaşdırmaqla onların məşğulluğunun təmin edilməsinə və sosial-iqtisadi göstəricilərinin artmasına, kəndliləri yeni peşə və ixtisaslara həvəsləndirməklə regionlardakı vətəndaşların özünü və öz imkanlarını reallaşdırmaq bacarıqlarının formalaşdırmaq və eyni zamanda yeni iş yerlərinin yaradılmasını stimullaşdırmaqdır. Layihənin vəzifələri aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl turizminin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə fəaliyyətinin təşkilindən, kənd yaşıl turizminin inkişafının yeni metod və vasitələrinin təbliğ edilməsindən və regionlarda kənd yaşıl turizm mədəniyyətinin formalaşdırılmasından, yerli hakimiyyət qurumlarının diqqətinin kənd yaşıl turizminin inkişafına və bununla bağlı infrastrukturun yaradılmasına yönəltməkdən, aztəminatlı gənc kənd sakinlərinin gələcəkdə məşğulluğunun təmini üçün onlar arasında yerli kadr potensialının formalaşması, onların kənd yaşıl turizmi ilə bağlı yeni peşələrə yiyələnməsinə dəstək olmaqdan ibarətdir.
Layihənin eksperti fəlsəfə doktoru Ruslan Rəhimli seminar iştirakçılarına kənd turizminin, ümumilikdə turizmin dünya iqtisadiyyatındaki önəmi, ölkələrin və cəmiyyətlərin sosial-iqtisadi vəziyyətinin yüksəldilməsinədki rolu haqqında məlumatlar verdi və qeyd etdi ki, Ümumdünya Turizm Təşkilatının hesablamarına görə 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollar, bunun da 20% ə qədəri kənd turizminin payına düşəcək. İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur. R.Rəhimli turizm növləri – aqroturizm, etnoturizm, Djayloo turizm, ekoturizm, ekstremal turizm, tibbi turizm, rekreasiya turizmi, nostalji turizmi, məcara turizmi, mədəni-idrak turizmi və kənd turizmi haqqında iştirakçılara geniş məlumat verdi. Ekspert kənd turizmi ilə məşğul olmağın yerli kənd sakinləri üçün böyük imkanlar açdığını, onların yeni peşəyə yiyələnməsi, məşğulluğunun təmin edilməsi üçün önəmindən danışaraq qeyd etmişdir ki, kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi inkişafında, əhalinin iş yerləri ilə təminatında, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynayır. Kənd turizminin inkişaf etidirilməsində məqsəd regionların təbii-coğrafi, sosial-iqtisadi və demoqrafik potensialından, mədəni-tarixi abidələrdən istifadə edilməsi ilə yanaşı, əhalinin istirahəti və sağlamlığının bərpasının təşkili, turizm sənayesində kəndlərin rolunun yüksəldilməsi, bununla əlaqədar xarici turistlərtin regionlara cəlb edilməsi və bu sahədən əldə edilən gəlirlərin artırılmasıdır.
Seminarlar qarşılıqlı dialoq və disput şəklində davam etmiş və iştirakçıların sualları cavablandırılmışdır.