Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könüllü Gənclər” İctimai Birliyinin həyata keçirdiyi “Radikallıqla Mübarizədə Mənəvi Dəyərlərimizin Rolu” layihəsi çərçivəsində Bakı şəhəri, Xəzər rayonunda növbəti marifləndirmə seminarı həyata keçirildi. Seminarda ali məktəblərdə təhsil alan gənclər, orta məktəb şagirdləri və QHT-lərin nümayəndələri iştirak etmişlər.
Tədbirdə açılış çıxışı edən Xəzər rayonu Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev ölkədə tolerantlıq mühitinin qorunub saxlanmasının və gənclərimizin milli-mənəvi ruhda tərbiyə olunmasının əhəmiyyətindən danışdı. Daha sonra isə Türkdilli Dövlətlərlə Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Eldəniz Salmanov söz alaraq radikal dini cərəyanların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatlarının qarşısının alınmasında gənclərin üzərinə düşən məsuliyyətdən bəhs etdi və qarşılıqlı mülahizələr aparıldı.
Məruzəçi Fizuli Hüsiyev öz çıxışında qeyd etdi ki, ölkəmizdə radikalizmin qarşısını almaq, yeniyetmə və gənclərimizi yad ünsürlərin təsirindən qorumaq üçün cəmiyyətdə mötədil islam anlayışı haqqında marifləndirmə işinin aparılması zəruridir. Əgər milli-mənəvi, o cümlədən dini dəyərlərimiz gənclərə doğru mənbələrdən, doğru şəkildə öyrədilərsə, bu sahədə düzgün və mütəmadi marifləndirmə işi aparılarsa o zaman radikal qüvvələrin gənclər üzərindəki təsir qabiliyəti zəyifləyəcəkdir. Mövzu ilə əlaqəli gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara tövsiyələr verildi.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, bloknotlar və qələmlər təqdim olundu.