“Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi “Könüllü ol, nümunə göstər!” adlı layihənin icrasına başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihənin məqsədi gənclər və məktəblilər arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsidir.
Bakı və Sumqayıt şəhərlərində, habelə Quba rayonunda icra olunacaq bu layihə gənclər arasında sosial problemlərin həllinə kömək etməklə yanaşı, həmin gənclərin aktiv vətəndaş kimi formalaşdırılmasını nəzərdə tutur. Layihə çərçivəsində əsasən gənclərdə könüllülük işinə maraq oyatmaq, ekoloji aksiyalar keçirmək, zəruri təbliğat və maarifləndirmə işləri aparmaq, könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək planlaşdırılır.
Layihəni uzun müddət davam etdirmək, eləcə də layihə məqsədlərinin bütün regionlarda yayılması üçün təşkilat tərəfindən “Könüllülük Klubları”nın yaradılması da nəzərdə tutulur.
Könüllülük Klubları daha çox gəncin silsilə olaraq, könüllülük bacarıqlarına yiyələnməsinə və bu işin Azərbaycanda daha çox yayılmasına kömək edəcəkdir.
Birliyin sədri Zahid Adıgözəlovun sözlərinə görə, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu könüllü fəaliyyətlə məşğul olmaq üçün kifayət qədər geniş imkanlar yaradır və hüquqlar müəyyənləşdirir. Bu baxımdan öz təcrübəsini, bilik və bacarığını, əhatə dairəsini genişləndirmək və gələcəyini qurmaq istəyən hər bir şəxsin özünü könüllü olaraq cəmiyyətdə hazırlaşdırması vacib məsələdir. Xüsusilə də regionlarda heç bir ictimai proseslərə cəlb olunmayan, özünü cəmiyyətin sosial işlərində sınamaq təcrübəsi olmayan gənclərin könüllü olaraq formalaşması müsbət nəticə verər. Çünki yerli bələdiyyələrin inkişafında, yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsində, kimsəsiz və yaşlı insanlara qayğı göstərməkdə, icma işlərində və s. fəaliyyətlərdə könüllülərə ciddi ehtiyac duyulur. Eyni zamanda Bakı şəhərində cari ilin iyun ayında keçiriləcək “Formula-1” və digər beynəlxalq yarışlarda da gənc könüllülərimizə ciddi ehtiyac duyulacaqdır.