Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin həyata keçirdiyi “Gənclər arasında ictimai yerlərdə davranış qaydalarının təbliği” layihəsinin icrası başa çatmışdır. Layihə çərçivəsində icra planına uyğun olaraq sonuncu tədbir Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində tələbə gənclərin iştirakı ilə keçirilmişdir.
Tədbirdə 18 nəfər tələbə və Kollecin müəllimləri iştirak etmişlər. İştirakçılara layihə, onun məqsədləri, görülmüş işlər və s. barədə geniş məlumat verilmişdir. İştirakçıların nəzərinə çatdırılmışdır ki, layihə 4 ay davam etmişdir. Bu müddət ərzində gənclər arasında iki dəfə (layihənin başlanğıcında və sonunda) sorğular keçirilmiş, Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində, İqtisadiyyat və Humanitar Kollecində, Peşə Litseyində, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində ümumilikdə 12 tədbir keçirilmişdir.
Tədbirlərin iştirakçılarına ailədə, məktəbdə, ictimai nəqliyyatda, küçə və parklarda nümunəvi davranış qaydaları, milli, mənəvi, dini dəyərlərimiz barədə geniş məlumatlar verilmiş, müəllimlərin, ağsaqqalların fikirləri dinlənilmişdir. İştirakçılar da öz fikirlərini bildirmiş, sonda fikirlər ümumiləşdirilmiş, qrup məşğələlərində gənclər konkret situasiyalarda hansı hərəkətləri həyata keçirəcəklərini praktiki şəkildə göstərmişlər.