“Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənc Sahibkarlara Dəstək Xidməti” layihəsi başa çatır.
Layihə Bakı və Sumqayıt şəhərlərindən olan sahibkar gənclərin, o cümlədən yeni sahibkarlıq fəaliyyətinə başlamaq istəyələrin bilik və bacarıqlarının artırılmasını, onlara fəaliyyətlərində dəstək verməyi, müxtəlif ideyalarının layihə və proqramlar şəklində reallaşdırılmasını nəzərdə tuturdu.
Layihə çərçivəsində adları qeyd olunan şəhərlərdə gənclər üçün sahibkarlıq fəaliyyəti və onun yaradılması yolları, firmanın idarə edilməsi, marketinqin əsasları, komersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı, biznesin planlaşdırılması, işgüzar ünsiyyət və işgüzar danışıqların aparılması və reklam işinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hansı sənədlərin lazım olduğunu və ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi-normativ sənədlərlə onlara hansı şəraitin yaradılması istiqamətlərində, beynəlxalq təcrübə ilə inkişaf etmiş ölkə sahibkarlarının təcrübələri haqqında geniş təlimlər keçirilmiş, informasiya verilmişdir.
Dəstək Xidməti gənc sahibkarlara təlim proqramı ilə yanaşı, məsləhət proqramı da təşkil etmişdir. Belə ki, təcrübəli iqtisadçılar tərəfindən həftədə bir dəfə olmaqla, gənc sahibkarlar üçün “Açıq qapı” günü keçirilmiş, burada gənclər onları maraqlandıran suallara cavab tapmış və zəruri məsləhətlər almışlar.
Layihə çərçivəsində gənc sahibkarların özəl müəssələrdə istehsalat təcrübəsi keçmələrinə də şərait yaradılmışdır. Benefisiarlar tərəfindən yeni ideyaların meydana gəlməsi üçün fəaliyyətlər yalnız təlim, görüş və yarmarkalarla yekunlaşmamış, həftə sonlarında onların müvafiq qrafikə uyğun olaraq, tanınmış sahibkarlarla görüşləri təşkil olunmuşdur.