[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/11/4.jpg” ]
Noyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihə çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyində gənclərlə görüş keçirilib. Layihənin keçirilməsində məqsəd gənclərin sosial şəbəkələrdən səmərəli və məqsədyönlü istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılması olub.
Görüş iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamaliyev açaraq gənc nəslin inkişafına göstərilən dövlət dəstəyinə görə cənab Prezidentə, şəhər rəhbərliyinə minnətdarlığını bildirərək qeyd edib ki, hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən ölkəsinə nümunə ola bilər. Əminliklə demək olar ki, Azərbaycan gəncliyi özünün ən böyük qüvvə olduğunu artıq sübut edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Sonra Fərid Dünyamalıyev layihənin aktuallığından, bu cür layihələrin reallaşdırılması informasiya cəmiyyətinin tələblərinə uyğun sağlam, savadlı, vətənpərvər gənc nəslin yetişdirilməsi üçün çox əhəmiyyətli olmasından danışdı.
Gənclərin iştirakı ilə keçirilən tədbirdə layihənin rəhbəri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Şahzadə Mədətova layihənin məqsədi haqqında məlumat verib. O, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirib. Bildirib ki, bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya təlabatının ödənilməsində mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, İnternetdə Azərbaycanın informasiya resurslarının zənginləşdirilməsi və bu qlobal virtual mühitdə, o cümlədən sosial şəbəkələrdə milli maraqlarımızın qorunmasında gənclərimizin də üzərinə mühüm vəzifə düşür.
Tədbirlərdə geniş məruzə ilə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov İnternetin, sosial şəbəkələrin üstünlüklərindən, faydalarından, həmçinin neqativ təsirlərindən, təhlükələrindən danışdı. Qeyd etdi ki, sosial şəbəkələr yeniyetmə və gənclərin bilik və informasiya əldə etmələri və onları paylaşmaları, tədris materialları əldə etmələri, xarici dilləri öyrənmələri, intellektual diskussiyalar aparmaları, pozitiv maraqlar ətrafında birləşmələri, asudə vaxtlarından səmərəli istifadə etmələri üçün mühüm imkanlar yaradır. Bildirdi ki, bununla yanaşı, sosial şəbəklərdə informasiya təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması, zərərli ideyaların yayılması kimi problemlər mövcuddur. Onun sözlərinə görə, yeniyetmə və gənclər bu cür problemlərdən, təhlükələrdən xəbərdar olmalı, onlardan qorunmağı bacarmalı, lazım gələrsə, onlara qarşı mübarizə aparmağa qadir olmalıdırlar. R.Mahmudov həmçinin məktəblilərin İnternetin zərərli təsirlərindən qorunmasında müəllimlərin və valideynlərin üzərinə düşən vəzifələrdən danışdı.
Görüşdə AMEA Botanika İnstitutu “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova çıxış edərək öz fikir və təkliflərini səsləndirdi.
Hüseynağa Hüseynov, Esmira Rəcəbli, Aynur Hacıyeva, Əminə Kazımlı, Elmir Bağırov və başqaları həyata keçirilən layihənin zamanın aktuallığı ilə ayaqlaşdığını qeyd etdilər. Gənclər onları maraqlandıran suallarla layihə iştirakçılarına müraciət etdilər.
Sonda layihə rəhbəri Şahzadə Mədətova gənc nəslin inkişafına göstərilən dövlət dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, maliyyə dəstəyinə görə Azərbaycan Respubilkasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevə, təşkilati dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamaliyevə təşəkkürünü bildirdi.
Görüşdə fəal iştirak edən gənclərə “Təşəkkürnamə” təqdim edildi.
Qeyd edək ki, oktyabr ayından start verilmiş layihə bir ay müddətində digər bölgələrdə də davam etdiriləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19729″ id=”19729″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]