[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/10/20.jpg” ]
Oktyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı layihə çərçivəsində Kürdəmir şəhərindəki Tofiq İsmayilov adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib. Layihənin məqsədi gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etmələri üçün maarifləndirmə işlərinin aparılmasıdır.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Sonra AMEA-nın elmi müəssisələrinin, Kürdəmir Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələrinin o cümlədən sözügedən məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən görüşdə çıxış edən layihənin rəhbəri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Şahzadə Mədətova layihənin məqsədi haqqında məlumat verib. O, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirib. Bildirib ki, bu gün insanların həyatında getdikcə daha mühüm rol oynamağa başlayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya təlabatının ödənilməsində mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, İnternetdə Azərbaycanın informasiya resurslarının zənginləşdirilməsi və bu qlobal virtual mühitdə, o cümlədən sosial şəbəkələrdə milli maraqlarımızın qorunmasında gənclərimizin də üzərinə mühüm vəzifə düşür.
Tədbirlərdə geniş məruzə ilə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov İnternetin, sosial şəbəkələrin üstünlüklərindən, faydalarından, həmçinin neqativ təsirlərindən, təhlükələrindən danışdı. Qeyd etdi ki, sosial şəbəkələr yeniyetmə və gənclərin bilik və informasiya əldə etmələri və onları paylaşmaları, tədris materialları əldə etmələri, xarici dilləri öyrənmələri, intellektual diskussiyalar aparmaları, pozitiv maraqlar ətrafında birləşmələri, asudə vaxtlarından səmərəli istifadə etmələri üçün mühüm imkanlar yaradır. Bildirdi ki, bununla yanaşı, sosial şəbəklərdə informasiya təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması, zərərli ideyaların yayılması kimi problemlər mövcuddur. Onun sözlərinə görə, yeniyetmə və gənclər bu cür problemlərdən, təhlükələrdən xəbərdar olmalı, onlardan qorunmağı bacarmalı, lazım gələrsə, onlara qarşı mübarizə aparmağa qadir olmalıdırlar. R.Mahmudov həmçinin məktəblilərin İnternetin zərərli təsirlərindən qorunmasında müəllimlərin və valideynlərin üzərinə düşən vəzifələrdən danışdı.
Görüşdə həmçinin Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Xəqani Qurbanov, Kürdəmir şəhəri Tofiq İsmayilov adına 1 saylı tam orta məktəbin direktoru Vüqar Nəsirov, Kürdəmir şəhəri Famil Həşimov adına 3 saylı tam orta məktəbin direktoru Bayram Cəfərov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Neft Fondunun layihələri üzrə mütəxəssisi Rövşən Məmmədov, “Gənclərin davamlı inkişaf üzrə analitik mərkəzi” ictimai birliyinin sədri, texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, AMEA Zoologiya İnstitutunun “Gənc Alim və mütəxəssislər Şurası”nın sədri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova, AMEA Fiziologiya İnstitutunun “Gənc Alim və mütəxəssislər Şurası”nın sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova və digərləri çıxış edərək öz fikir və təkliflərini səsləndirdilər.
Tədbirlər zamanı layihə iştirakçıları tərəfindən müəllim və şagirdləri maraqlandıran müxtəlif suallara cavab verildi.
Sonda təşkilati dəstəyə görə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərliyə, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Xəqani Qurbanova və müvafiq məktəblərin direktorları Vüqar Nəsirov və Bayram Cəfərova, eləcə də, görüşdə fəal iştirak edən şagirdlərə təşəkkürnamə təqdim edildi.
Qeyd edək ki, oktyabr ayından start verilmiş layihə bir ay müddətində davam edəcəkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”19466″ id=”19466″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]