2014-cü il mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Yığıncağın gündəliyinə beşinci qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti, resipiyentlər tərəfindən Fonda təqdim olunan sənədlərin siyahısına dəyişikliklər edilməsi və digər məsələlər daxil edilmişdir.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov beşinci qrant müsabiqəsi barədə məlumat verərək bildirmişdir ki, 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1065 layihə təklifi daxil olmuşdur. Fevral-aprel ayları ərzində layihələr Fondda sistemləşdirilmiş və təhlil olunmuş, hər biri haqqında annotasiya və rəy hazırlanmış, bəzi müraciətçilərlə görüşlər keçirilmişdir.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəlmişlər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə ictimai əhəmiyyət kəsb edən, gənclərin sosial, fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilmişdir. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 135, “B” kateqoriyası üzrə 13 və “C” kateqoriyası üzrə 288 layihənin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 436 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2.581.600 manat vəsaitin ayrılması qərara alınmışdır (həmin layihələrin siyahısı 2014-cü il mayın 5-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir).
Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev dördüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra və hesabatlılıq vəziyyəti barədə məlumat vermiş, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurasının diqqətinə çatdırmışdır. Şura üzvləri bütün layihələrin monitorinqinin davam etdirilməsinin zəruriliyini vurğulamış, monitorinq prosesinin səmərəliliyinin artırılmasına yönələn təkliflər irəli sürmüşlər.
İclasda Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənədlərin siyahısına dəyişikliklərin edilməsi barədə məsələ müzakirəyə çıxarılmışdır. Tahir Süleymanov qeyd etmişdir ki, son vaxtlar ayrı-ayrı gənclər təşkilatları və fiziki şəxslər Müşahidə Şurasına müraciət edərək, təsviri və maliyyə hesabatlarının verilməsi üçün Fonda təqdim olunan sənədlərin siyahısına müəyyən düzəlişlərin edilməsini xahiş etmişlər. Bu məsələ ilə əlaqədar həm Fondun aparatı, həm də qrant verən analoji qurumlarla fikir mübadiləsi aparılmışdır. İclasda sözügedən siyahıda dəyişikliklərin edilməsi məqsədilə Şura üzvlərindən, Fond əməkdaşlarından və ekspertlərdən ibarət komissiya yaradılmış, sənəd hazırlandıqdan sonra razılaşdırılması üçün müvafiq dövlət orqanlarına göndərilməsi qərara alınmışdır.
Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirmişdir.