[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-2.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər üçün ustad dərsləri: Bədii Fotoqrafiya və Fotobərpa” adlı layihə həyata keçirilir. Layihənin ideyası ondan ibarətdir ki, bu sahəyə marağı olan gənclər bu işlə daha peşəkar səviyyədə məşğul olsunlar, həvəskar fotoqrafiyadan bədii fotoqrafiyaya keçid edib öz fəaliyyət sahələrində bundan daha səmərəli istifadə etsinlər. Eyni zamanda, tariximizi və keçmişimizi əks etdirən elə köhnə fotolar vardir ki, hazırda bərpaya ehtiyacı var və onlar haqqında heç kimin məlumatı yoxdur. Mütəxəssislər tərəfindən keçirilmiş təlimlərin nəticəsi olaraq iştirakçılar bu tip şəkilləri taparaq bərpa edib sərgiyə nümayiş üçün təqdim edəcəklər. Köhnəlmiş kadrlardan boylanan Azərbaycanı gənclərimiz yenidən özləri üçün kəşf edəcəklər.
Layihənin əsas məqsədi gənclərin fotoqrafiya ilə daha peşəkar və səmərəli məşgul olmasına nail olmaqdır.
100 nəfər gənci əhatə edəcək layihədə ilkin olaraq bədii fotoqrafiya və fotobərpa təlimləri haqqında elan veriləcək və iştirakçılar seçiləcək. Seçim zamanı iştirakçının gələcəkdə təlimlərdən aldığı biliklərdən səmərəli istifadə imkanları nəzərə alınacaq. Daha sonra bədii fotoqrafiya və fotobərpa üzrə mütəxəssislər tərəfindən iştirakçılara ustad dərsləri veriləcək, onlar praktiki məşğələlərə cəlb olunacaqlar. Təlim keçirildikdən sonra iştirak edən gənclər yeni fotolar çəkməklə yanaşı, Azərbaycanın tarixini əks etdirən köhnə fotoları toplayacaqlar. Həmin fotoları bərpa etdikdən sonra yeni və bərpa olunmuş köhnə fotoları müsabiqədə iştirak etmək üçün təqdim edəcəklər.
Layihə bitdikdən sonra toplanmış fotolardan ibarət sərgi təşkil olunacaq və onlayn fotoarxiv yaradılacaq. Bununla da gənclərin fotoqrafiya ilə daha peşəkar və səmərəli məşğul olmasına nail olunacaq. Məhv olmaq təhlükəsi qarşısında olan fotoların bir qismi bərpa olunacaq və onlayn resurs yaradılacaq. Davamlı olaraq mühüm əhəmiyyətli fotoları bərpa edəcək mütəxəssislər yetişəcək.
Layihənin sonunda fərqlənən iştirakçılar diplom, sertifikat və müxtəlif hədiyyələr ilə təltif olunacaqlar. 4 ay müddətində davam edəcək layihənin ilkin mərhələsi iştirakçıların seçilməsi və qruplara bölünməsidir. Layihə çərçivəsində keçiriləcək bütün təlim və tədbirlər ödənişsizdir.
Layihədə iştirak etmək istəyən gənclər (14-29 yaş arası) aşağıdakı ərizə formasını doldurmaqla müraciət edə bilərlər.
https://docs.google.com/forms/d/13Fs0q74lAqRhIPGXRBelx6GtxRbnkqDzaODwz25JCCs/viewform
Son qeydiyyat tarixi: 04.04.2014, saat 18:00
Layihənin rəhbəri fotobərpa üzrə gənc mütəxəssis Zəka Babazadədir.