[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/02/unnamed-22.jpg” ]
Şərqin ilk Debat Formatı olan Qladiator Debatlarının Ümumilli Lider Heydər Əliyevin 90 illik Yubileyi və X il dönümünə həsr olunmuş və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant müsabiqəsində C kateqoriyası üzrə qalib olmuş “Qladiator Natiqlik Məktəbi” (QNM) layihəsinin bağlanış mərasimi keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan bağlanış mərasimində formatın konstruktoru və layihənin direktoru Həbib Heydərin layihə ilə bağlı geniş ictimai hesabatı dinlənilib. Bununla yanaşı, layihədə iştirak edən gənclərin mükafatlandırılması da layihənin sözügedən şəbəkə görüşündə baş tutub.
Layihə rəhbərinin sözlərinə görə, QNM layihəsi 2013-cü il oktyabr ayının 21-dən 22 yanvar 2014-cü il tarixinə qədər ictimai sektora yeni fikir gətirmiş, gənclərin xeyli marağını qazanmışdır. Bakı və Sumqayıt şəhərlərinin 14-29 yaş arası gəncləri üçün nəzərdə tutulan layihəyə maraq olduqca yüksək olmuşdur. Layihəyə 6 bölgə-Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və Ağdaşdan 26 ali və orta təhsil müəssisəsindən subbakalavr, bakalavr, magistrant, məzunlar və eyni zamanda müxtəlif sferalarda çalışan gənclər müraciət etmişlər. İştirakçılar arasında ən kiçiyinin 16, ən böyüyünün 25 yaşı vardır. Bununla da, “Biz Etalonlar Yaradırıq!” devizi ilə fəaliyyətə başlayan Milli Debat Formatının yeni iştirakçıları arasında 9 il yaş fərqi olmaqla ölkəmizdə bir ilkə imza atılmışdır.
Dünyada tam yeni konseptdə hazırlanmış debat formatının sayca ikinci layihəsi olan bu layihə ərzində qarşıya qoyulan məqsədlər üçün gərgin və dinamik bir yol keçilmişdir. Layihə 3 ay davam etmişdir. İlk ay hazırlıq, sosial şəbəkələrdə və təhsil müəssisələrində elanların verilməsi, təqdimatlar, CV-lərin qəbulu və müsahibə götürülməsi kimi 4 yarımmərhələdən ibarət olmuşdur.
Layihənin növbəti ayının ilk həftəsindən başlanaraq təlimlər keçirilmişdir. 127 nəfər müsahibə mərhələsinə çağrılmış və 50 nəfər layihənin təlimlər hissəsinə iştirakçı qismində seçilmişdir. Həmin iştirakçılara təlimlər formatın konstruktoru, 7 illik debat və təlimçilik təcrübəsinə malik Həbib Heydər, ritorika üzrə professional təlimçi Tofiq Sadıxov və Respublikanın güclü debatçılarından sayılan Elşən Yusibov tərəfindən keçirilmişdir. Təlimləri uğurla bitirənlər arasında isə “Kolizey” adlandırılan QD turniri keçirilmişdir. Kolizeydə müxtəlif mövzuların qoyulması iştirakçılarda geniş dünyagörüşünün yaranması üçün təkan olmuşdur. Gənclər bu layihə sayəsində cəmiyyəti narahat edən məsələlər, milli, mədəni, ictimai, fəlsəfi, beynəlxalq problemlər və s. mövzularda ideya və məntiq döyüşlərinə çıxmışlar. Gənclər Qladiator Debatları milli intelektual oyunu vasitəsilə komanda şəklində fərdi inkişafa yönələrək, təqdimat, əsaslandırma, kritik düşüncə, bədən dili, natiqlik kimi bacarıqlarını təcrübi platformada inkişaf etdirmişlər. Qeyd edək ki, layihənin bütün bölümləri Azərbaycan dilində təşkil olunmuşdur.
Layihənin bağlanış mərasimində “Qladiator Natiqlik Məktəbi” layihəsi çərçivəsində II Qladiator Debatları Kolizeyin qalibi və digər fərqlənənlər mükafatlandırılmışdır. İştirakçı, təşkilatçı, hakim və partnyor təşkilatlar müxtəlif diplom, sertifikat, təşəkkürnamələrlə təltif olunublar. Ümumilikdə, tədbirdə 1 nəfər kubokla, 11 nəfər medallarla, 50 nəfərdən artıq şəxs isə diplom, təşəkkürnamə və sertifikatla təltif olunub.
Kolizeyin əsas qalibləri “QD Axillaları” adlı komandanın spikerləri olmuşlar. Finala qədər komanda yoldaşı olan “Axillalar” finalda solo mübarizə aparan BDU tələbəsi Məleykə Rzazadəyə qalib gələrək, superfinala yüksəlmişlər. Bu isə kubokun taleyini öz aralarında həll etmələri uğrunda sonuncu mübarizəyə start verib. Beləliklə siyahını təqdim edirik:
Kolizey qalibi: Sevil Qasımova (superfinalçı, BSU/III kurs)
II yer: Ülviyyə Rəhmanova (superfinalçı BDU/məzun)
III yer: Lalə Musayeva (superfinalçı, ADPU/IV kurs)
IV yer: Məleykə Rzazadə (finalçı, BDU, IV kurs)
Ən yaxşı GlaDebatorlar siyahısına isə fərdi spiker balları ən yüksək olan natiqlər düşə biliblər:
I yer: Şəbnəm Quluzadə (LDU/məzun)
II yer: Cavid Abdullayev (DİA/I kurs)
III yer: Mehriban İsrafilli (DİA/II kurs)
IV yer: Lalə Musayeva (ADPU/IV kurs)
V yer: Şəhla Cəlilzadə (ADİU/Mag. I kurs)
VI yer: Şəbnəm Bağırlı (BDU/II kurs)
VII yer: Günay Abdullayeva (BDU/III kurs, rus bölməsi tələbəsi)
Layihənin ən yaxşı hakimi nominasiyasına Kolizeyin Suma-Rudisi (hakim) Aman Əkbərov layiq görülmüşdür. (DİA/II kurs). Qladiator Debatlarının ilk təlimçiləri kimi DİA-nın IV kurs hüquqşünaslıq tələbələri Xumar İlqarqızı və Pərvin Ənvərli ayrıca mükafatlandırılmışlar. Bundan başqa, əvvəlki pilot layihənin qalibi Fəridbəy Həsənli (DİA/II kurs) və ən yaxşı natiqi Elşən Yusibov da (DİA/IV kurs) şəbəkə görüşündə mükafatlandırılmışlar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12836″ id=”12836″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]