[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/11.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İctimai Həyatda Gənclərə Dəstək” İctimai Birliyinin “Həyatımızı sağlam keçirək” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi Azərbaycanın regionlarında (Qazax, Ağstafa rayonları) insanlara sağlam həyat tərzi aşılamaqdır.
Narkotiklərdən necə uzaq olmaq, AİDS-in yayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin həyata keçirilməsi yollarını öyrənmək, mənəvi-əxlaqi tərbiyənin yüksəldilməsini aşılamaq, sağlam yaşamaq üçün dəyərli məlumatlar vermək layihənin məqsəd və vəzifələrinə daxildir.
“İctimai Həyatda Gənclərə Dəstək” İctimai Birliyinin sədri Vüqar Süleymanlının verdiyi məlumata görə, layihə çərçivəsində Qazax və Ağstafa rayonlarında Gənclər Fondunun əməkdaşı Emil Yusifovun iştirakı ilə təlimlər olub. Təlimlərə rayon gəncləri, orta məktəb şagirdləri, yerli icra strukturlarının nümayəndələri qatılıb.
Ekspertlər təlim iştirakçılarına sağlam yaşamağın yollarını izah edib, narkotiklərdən, o cümlədən pis vərdişlərdən uzaq olmağın insana xoşbəxtlik bəxş etdiyini həyati misallarla çatdırıblar.