[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-49.jpg” ]
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin İnkişaf Akademiyası” layihəsi çərçivəsində Mingəçevir şəhərində növbəti tədbirlərə başlamışdır.
Tədbirlərin keçirilməsində əsas məqsəd müxtəlif şəhər və rayonlardan olan gənclərin ictimai və digər sahələrdə inkişafına, təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdən ibarətdir.
Mingəçevir şəhərində həyata keçirilən tədbirlər bir neçə mərhələdə icra olunacaq. İlkin mərhələdə “Gənclərin İnkişaf Akademiyası” yaradılacaq, onun strukturu formalaşdırılacaq və fəaliyyət göstərməsi üçün zəruri təlimlər keçiriləcəkdir. İkinci mərhələdə isə yaradılmış Akademiya vasitəsilə gənclərin inkişafına yönəlmiş müvafiq işlərin aparılması nəzərdə tutulmuşdur.
Artıq layihə çərçivəsində nəzərdə tutulmuş bir neçə regionda sözügedən tədbirlər başa çatmışdır. Hazırda həmin regionlarla yanaşı, Mingəçevir şəhərində də gənclərin iştirakı ilə sosial aksiyalar, tədbirlər, müsabiqə və yarışlar, mədəni və idman tədbirləri təşkil olunur. Bunlarla yanaşı, həftə sonlarında layihə iştirakçıları ilə aktiv gənc liderlərin, deputatların, media rəhbərləri və digər tanınmış simaların görüşləri keçirilir.
Layihə rəhbəri Qızılgül Teyyubovanın verdiyi məlumata görə, yaradılan Akademiya Mərkəzin Mingəçevir Regional Ofisində fəaliyyət göstərəcək. Artıq bununla bağlı zəruri şərait də yaradılmışdır. Onun sözlərinə görə, gənclərin inkişafına yönəlmiş bu layihə çərçivəsində beynəlxalq təcrübədən də geniş istifadə olunur, gənclərlə aparılan işlərin məzmun və formasında yeniliklər tətbiq olunur.