[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-41.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Cəbiyeva Aysel tərəfindən gənclərin tibbi baxımdan məlumatlandırılması, ilkin tibbi yardım qaydalarına yiyələnməsi, zərərli vərdişlər və narkotik xassəli maddələr haqqında maarifləndirilməsi məqsədilə həyata keçirilən “Sağlam olaq” tibbi layihəsi öz işini başa vurub.
Layihə çərçivəsində Lənkəran şəhər 10 saylı, 6 saylı, 3 saylı orta məktəblərində, Lənkəran rayon Şilavar kənd orta məktəbində və Lənkəran Dövlət Humanitar Kollecində ilkin tibbi yardım göstərilməsi qaydaları haqqında seminarlar keçirilmiş, o cümlədən, tibbi seminarların davamı kimi dövrümüzün bəlası olan narkomaniya haqqında məktəblilərlə söhbətlər aparılmış, yeniyetmə və gənclərə narkotik maddələrin fiziki və ictimai baxımdan törətdiyi fəsadlar, QİÇS və s. xəstəliklər haqqında maarifləndirici məlumatlar verilmişdir.
Layihənin icraçısı Cəbiyeva Ayselin sözlərinə görə, layihə çərçivəsində həyata keçirilən seminarlar şagird və tələbələr tərəfindən maraqla qarşılanmış, onlar təlimçilərə mövzularla əlaqədar müxtəlif suallar vermiş, seminarların aparılmasında fəallıq göstərmişlər.
Seminarlar yekunlaşdıqdan sonra gənclərə tibbi məlumatları praktiki cəhətdən öyrətmək üçün Lənkəran rayonu ərazisində praktiki təlimlər keçirilmişdir. Ümumilikdə layihədən 350 nəfərə yaxın gənc yararlanmışdır.
Sağlam olaq tibbi layihəsi 1 oktyabr 2013-cü il tarixindən 1 dekabr 2013-cü il tarixinədək davam etmişdir.