[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/g1.jpg” ]
4 noyabr 2013-cü il tarixində Real-Madrid Fondunun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində yaradılmış “VƏTƏN” sosial futbol məktəbinin rəsmi açılış mərasimi keçirilib. Sosial futbol məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yeni bazasında fəaliyyət göstərir. Məktəbin baş sponsoru AzərİdmanServis MMC, qida və sərinləşdirici içki sponsoru isə C’est Bon şirkətidir. Məktəbin əsas tərəfdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasıdır.
Məktəbin rəsmi açılış mərasimində Real-Madrid klubunun katibi və Real-Madrid Fondunun vitse-prezidenti cənab Enriki Sançez (Enrique Sanchez) və Fondun beynəlxalq proqramlar şöbəsinin rəhbəri Roza Ronkal (Rosa Roncal) iştirak etmişlər. Azərbaycan tərəfindən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müşaviri Hüseyn Əliyev, AzərİdmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmilər, həmçinin yerli və beynəlxalq qurumların rəhbərləri iştirak etmişlər. Rəsmi qonaqlar arasında Azərbaycanın veteran futbol ulduzları İskəndər Cavadov, futbol üzrə SSRİ-nin Olimpiya çempionu İqor Panomaryov və digər idmançılar var idi.
Hazırda Real-Madrid Fondunun dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi fəaliyyət göstərir. “VƏTƏN” sosial futbol məktəbi post-Sovet məkanında yaradılmış ilk, Avropada isə 8-ci məktəbdir.