[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/ELVN-M.jpg” ]
1 noyabr 2013-cü il tarixində saat 10:00-da Gəncə şəhəri Azərbaycan Texnologiya Universitetinin əsas binasının iclas zalında “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” adlı layihənin təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı qeyd edib ki, son dövrlər respublikada Dövlət Gənclər Siyasəti çərçivəsində bir çox mühüm tədbirlər keçirilir. Ölkəmizdə təhsilin və tədqiqatların səviyyəsini yüksəltmək, onu beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə geniş miqyaslı islahatların həyata keçirilməsi, xüsusilə ali təhsil müəssisələrində aparılan islahatlar həm yüksəkixtisaslı kadrların hazırlanması, həm də gənc alimlərin beynəlxalq elmi mühitə inteqrasiyasını nəzərdə tutur. Bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsi kimi “GEAD” İctimai Birliyi regiondakı gənclərin elmi tədqiqatların keyfiyyətinin artırılmasına, onların beynəlxalq konfranslarda iştirakına, beynəlxalq elmi jurnallarda məqalələrin nəşrinə qoyulan tələblər istiqamətində maarifləndirilməsinə və onların beynəlxalq elmi mühitə inteqrasiyası baxımından zəruri hesab edərək, “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” adlı layihənin icrasını əhəmiyyətli hesab etmişdir. İctimai Birliyin sədri öz çıxışında gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsinin elmi tədqiqatlar mövzusuna çevrilməsini, gənc alimlərin bu sahədə olan elmi araşdırmalara istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb.