Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə “Region gənclərinin “Yaşıl” hərəkatı” layihəsinin təlimlərinə start verilmişdir. Layihənin təqdimatında çıxış edən layihə rəhbəri Zəminə Ədilova gənclərə layihədə iştirak etdikləri üçün təşəkkür etmiş, layihənin keçirilməsində əsas məqsədin təmiz ekoloji mühitin vacibliyini gənclər arasında təbliğ etmək olduğunu vurğulamışdır.
22 yanvar 2019-cu il tarixində keçirilən ilk təlimdə gənclər ekologiyanın qorunması, sağlam ekoloji mühitin faydaları haqqında məlumatlandırılmışlar. Ekologiyanın qorunmasına marağı artırmaq, regionlarda “Yaşıl hərəkatın” davamçılarının hazırlanması və aktiv gənclərin üzə çıxarılması layihənin başlıca məqsədini təşkil edir. Layihə zamanı gənclər yeni dostluqlar əldə etmək, qrup işi bacarıqlarına yiyələnməklə yanaşı ətraf mühiti çirkləndirən amillər, ətraf mühitin çirklənməsinin yaratdığı fəsadlar haqqında da biliklərə sahib olacaqlar. Gənclərin ekologiyanın qorunması sahəsində nəzəri və praktiki biliklərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı regiondan olan təlim iştirakçılarının daha sonra öz bölgələrində “Yaşıl hərəkat”ın nümayəndəsinə çevrilməsi planlaşdırılmışdır. Mingəçevirdə yaşayan və təhsil alan gəncləri əhatə edəcək layihədə 16-25 yaşarası gənclərin iştirakı nəzərdə tutulmuşdur. Kamal Əhmədov tərəfindən iki gün keçiriləcək təlimlərin ilk günündə 30 gənc iştirak etmişdir.
Təlimlərdə iştirak edən gənclər layihənin üçüncü günü Mingəçevir su anbarı ərazisində ekoturda iştirak edəcəklər. Layihəni uğurla bitirən gənclər sertifikatla təltif olunacaqlar.