
Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə yanvar ayında elan edilən “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının imtahan mərhələsinin nəticələri elan edilib.
Təqaüd proqramı üçün qeydiyyatdan keçmiş 1851 namizədin ilkin qiymətləndirilməsi beş əsas meyar əsasında həyata keçirilib. Sözügedən meyarlar namizədin akademik göstəricilərini, seçilmiş texnoloji istiqamət üzrə uyğunluq səviyyəsini, motivasiya və fərdi inkişaf potensialını, ictimai fəallığını, eləcə də sosial vəziyyətini əhatə edib. İlkin seçim mərhələsini uğurla keçmiş 200 gənc aprel ayının 23 və 24-də mərhələli şəkildə təşkil olunan imtahan prosesində iştirak ediblər. Namizədlər məntiqi düşüncə, informasiya texnologiyalarının əsasları və süni intellekt savadlılığı üzrə təqdim olunan test tapşırıqlarını cavablandırıblar.
İmtahan mərhələsində yüksək nəticə göstərən 55 gənc müsahibə mərhələsində iştirak hüququ əldə edib. Müsahibə mərhələsinə keçən gənclərin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.
Təqaüd proqramının son seçim mərhələsi olan müsahibə prosesi çərçivəsində namizədlərin seçdikləri texnoloji istiqamət üzrə nəzəri və praktiki bilikləri, təqaüd proqramından gözləntiləri, komanda ilə işləmək və problem həlletmə bacarıqları, eləcə də şəxsi inkişaf potensialları və motivasiya səviyyələrinin kompleks yanaşma əsasında qiymətləndirilməsi nəzərdə tutulur. Müsahibə mərhələsini uğurla keçən namizədlər isə proqram çərçivəsində təqaüdlə ixtisaslarını artırmaq şansı qazanacaqlar. Belə ki, təqaüdçü gənclər süni intellekt əsaslı texnologiyalar, data analitika və rəqəmsal qərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsal məhsul və platforma bacarıqları, texnologiya əsaslı innovasiya və startap bacarıqları üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.
Birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüsün əsas məqsədi gənclərin rəqəmsal və innovasiya bacarıqlarının inkişaf etdirilməsi, ölkədə innovasiya ekosisteminin gücləndirilməsi və gənc mütəxəssislərin hazırlanmasına töhfə verməkdir.


