[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/04/IMG_5059.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin “Üç nöqtə” qəzetinə müsahibəsi
Fərhad Hacıyev: «Hal-hazırda Fondun saytında 314 qeyri-hökumət təşkilati və 263 fərdi gənc qeydiyyatdan keçib»
«Fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək»
Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, elə bütün dövrlərdə millətinin adını tarixə yazan elə sağlam gənc qüvvələr olub. Müasir zəmanəmizin gəncləri çox aktivdir. Müasir zəmanəmizin gəncləri çox aktivdir. Bu gün istər təhsilimizdə, istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial-iqtisadi həyatda yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşə, dərin biliyə malik gənclər var. Gəncliyi və gəncləri sağlam olan dövlət həmişə cavandır. Bunu nəzərə alan Azərbaycan dövləti də son illər gənclərlə bağlı, onların inkişafı üçün ciddi işlər həyata keçirilir. Gənclər Fondunun yaradılması ilə Azərbaycan gənclərinin ölkəmizin inkişafı üçün görmək istədiyi işlərə böyük dəstək verilib.
Məsələyə münasibət bildirən fondun İcraçı direktoru Fərhad Hacıyevin sözlərinə görə, ilk qrant müsabiqəsi zamanı Gənclər Fondu 5 kateqoriya üzrə layihələrə dəstək göstərib: «Bunlar A, B, C, D və E kateqoriyaları idi. A kateqoriyası üzrə biz regionlarda gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlərin inkişaf etdirilməsilə gənclər sahəsində sosial-ictimai fəallığının inkişafına dəstək verməyə çalışdıq. A kateqoriyası üzrə təqdim olunan layihələrdə əsas istiqamət kommunikativ vasitələr, yeni media və gənclər, liderlik məktəbləri, gənc liderlərin yetişdirilməsi, gənc kadrların peşəkarlığının artırılması və gənclərdə menecment bacarıqlarının inkişafı və ekoloji maarifləndirmə olub. B kateqoriyası üzrə Azərbaycanda xarici ölkələrin (minimum 5 ölkədən iştirakçı və 2 xarici QHT partnyor olmaqla) gənclərinin iştirakı ilə keçirilən tədbirlər, konfranslar, forumlar, həmçinin xarici ölkələrdə Azərbaycan gənclərinin iştirakı ilə keçirilən tədbirlər nəzərdə tutulub. Gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə C kateqoriyası fəaliyyət göstərirdi və bu kateqoriya üzrə yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, animasiya və bədii filmlər, gənc ixtiraçılar və xüsusi istedadlara malik olan gənclərə dəstək layihələri həyata keçirildi. Digər D və E kateqoriyalarına gənclər il boyu müraciət edə bilərlər. D kateqoriyası gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi, E kateqoriyası isə yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə yaradılıb».
F.Hacıyev bu il də gənclərin daha çox yeni ideyalarının dəstəklənməsinə üstünlük veriləcəyini bildirib: “Hal-hazırda Gənclər Fondunun ikinci qrant müsabiqəsi davam edir. İlk müsabiqədə olduğu kimi bu müsabiqədə də eynilə 5 kateqoriya müəyyən edilib. Amma ikinci müsabiqədə kateqoriyaların istiqamətlərinə dəyişikliklər olub. Belə ki, A Kateqoriyası üçün təklif olunan yeni istiqamətlər region gənclərinin aktiv sosial inteqrasiyası, sağlam həyat tərzi, gənclik və idman, yeni media vasitələrilə gənclərin sosial ideya təşəbbüslərinə yardım edəcək mühitin yaradılması, xüsusi qayğıya ehtiyacı olan gənclərin ictimai sosial həyata inteqrasiyasıdır. B Kateqoriyası üçün xaricdə təhsil alan azərbaycanlı gənclərin Azərbaycanla bağlı təşəbbüslərinin dəstəklənməsi, Azərbaycan gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə birgə layihələri, Azərbaycanda xarici ölkələrin (minimum 5 ölkədən iştirakçı və 2 xarici QHT partnyor olmaqla) gənclərinin iştirakı ilə keçirilən tədbirlər və xarici ölkələrdə Azərbaycan gənclərinin iştirakı ilə tədbirlər keçirilməsi kimi yeni istiqamətlər var. C Kateqoriyası üçün təklif olunan yeni istiqamətlər kreativ gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, istedadlı gənclərin ixtiraçılıq və innovativ təklif və ideyalarının reallaşdırılması layihələridir. D Kateqoriyası üçün təklif olunan yeni istiqamətlər gənc alimlərin, ictimai-fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi sahəsində layihələrdir. E Kateqoriyası üçün təklif olunan yeni istiqamətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tədqiqatçıların araşdırmaları layihələri, xarici vətəndaşların Azərbaycan ilə bağlı tədqiqat layihələridir. Fevral ayının 15-də bitəcək müsabiqədə gənclər təşkilatlarını və gəncləri fəal iştirak etməyə dəvət edirik. Gənclər Fondu önümüzdəki ildə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Bundan başqa, fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək. Həmçinin, Fond fəaliyyətini internetdə genişləndirməyi planlaşdırır».