
Azərbaycanın ən böyük gənclər festivalı olan və gənclərin hər il həyəcanla gözlədiyi “Yay Fest”in 2026-cı il üzrə qeydiyyat mərhələsinə start verilib.
Festival 13 iyul-4 sentyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və İDEA İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçiriləcək.
Artıq altıncı dəfədir ki, təşkil olunan Yay Fest 2026 ötən illər ərzində minlərlə gənci bir araya gətirərək onların intellektual, şəxsi və peşəkar inkişafına mühüm töhfələr verib, yeni dostluqların və innovativ təşəbbüslərin stimullaşdığı gənclər platforması kimi yadda qalıb. Festival bu gün təkcə açıq havada düşərgə formatında keçirilən layihə deyil, eyni zamanda ölkənin gənclər siyasətinin prioritet istiqamətlərini özündə əks etdirən, gənclərin liderlik potensialının inkişafını, ictimai iştirakçılığını, müasir bacarıqlarının formalaşmasını və dövlətçilik ənənələrinə bağlılığını təşviq edən layihə kimi özünü təsdiq edib.
Festivalın cari il üzrə konseptual mövzusu müasir dünyanın inkişaf trayektoriyasını müəyyən edən əsas istiqamətlər – süni intellekt, rəqəmsal transformasiya və innovasiyalar üzərində qurulub. Festival çərçivəsində iştirakçılar süni intellekt texnologiyalarının tətbiq imkanları, rəqəmsal həllər, innovasiya ekosistemi və gələcəyin peşələri ilə bağlı ən aktual mövzularda praktiki bilik və təcrübə əldə etmək imkanı qazanacaqlar. Belə ki, bu il süni intellekt və rəqəmsallaşmaya həsr olunan festivalda “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq”, “AI – İdman və Sağlamlıq” adlı ardıcıl 8 düşərgə təşkil ediləcək.
Festival çərçivəsində hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edəcək.
Çadır tipli düşərgələrdə iştirakçılar dövlət qurumlarının, özəl sektorun və texnologiya sahəsinin aparıcı mütəxəssisləri ilə motivasiyaedici görüşlərdə, panel müzakirələrdə, master-klasslarda və vörkşoplarda iştirak edəcəklər. Eyni zamanda festival müddətində keçiriləcək idman yarışları, intellektual müsabiqələr, komanda quruculuğu oyunları və konsert proqramları iştirakçıların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların şəbəkələşməsinə və komanda ruhunun inkişafına təkan verəcək.
Azərbaycan Respublikasının Gənclər Fondu 18–25 yaş aralığında ictimai fəallığı ilə seçilən gəncləri https://yayfest.az/ vasitəsilə qeydiyyatdan keçərək müsahibə mərhələsində iştirak etməyə dəvət edir.
Qeyd edək ki, düşərgədə iştirak ödənişsizdir və hər bir gənc yalnız bir düşərgədə iştirak etmək hüququna malikdir.


