26 fevral 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasınn Gənclər Fondunun təşkilatşılığı ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı “Ağrı Gecəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, o cümlədən Xocalı sakinləri, gənclər təşkilatlarının rəhbərləri, ictimai fəal gənclər iştirak etmişlər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilmiş və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun içraçı direktoru Fərid Cəfərov çıxış edərək, Xocalı soyqırımı, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları barədə məlumat vermiş və qeyd etmişdir ki, Gənclər Fondu ənənəvi olaraq Xocalıya Ədalət kampaniyası çərçivəsində bu kimi tədbirləri davam etdirəcəkdir. Fondun rəhbəri çıxışında bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc əhalisinə qarşı Ermənistan silahlı birləşmələri soyqırımı törətmişlər. Bu qanlı qırğında 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmişdir, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq əlil olmuş, 25 uşaq hər iki valideynini itirmişdir. Digər çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Xocalı faciəsinin tariximizin silinməz qanlı yaddaşı olduğunu diqqətə çatdırmışdır. O bildirmişdir ki, 27 il əvvəl Xocalıda dinc soydaşlarımıza qarşı misli görünməmiş qanlı qırğın törədilmişdir. Yüzlərlə soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilmişdir. Bu qətliam barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində sistemli işin uğurla nəticələndiyini deyən Fuad Hüseynov bu yöndə səylərin birləşdirilməsinin vacibliyini qeyd etmişdir. Xocalı faciəsinin canlı şahidləri Əsəd Fərəcov və Valeh Hüseynov soyqırımının dəhşətləri barədə tədbir iştirakçılarına məlumat vermişlər. Tədbirdə beynəlxalq münasibətlər üzrə tanınmış İsrailli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı keçirilmişdir. Sonra tədbirin bədii hissəsində Ağrı Gecəsi adlı bədii kompazisiya nümayiş olunmuşdur.Tədbir zamanı BKM-nin foyesində Xocalı Faciəsini özündə əks etdirən rəsm sərgisi təşkil edilmişdir.