Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 16- cı qrant müsabiqəsinin qalibi olan Uğurlu Gələcək İctimai Birliyinin “MULTİ Gənclik” layihəsinə Quba rayonunda start verilib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən layihə 5 gün davam edəcək.
Layihənin ilk günü 40 nəfər gənc üçün Nübar Bayramova tərəfindən “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda təqdimat həyata keçirilib. Daha sonra isə təlimçi Ülvi Camalsoyun fasiltatorluğu ilə “İnkluziv cəmiyyətlərdə birgəyaşayış” mövzusunda təlim baş tutub. Təlim zamanı iştirakçılar üçün müxtəlif qrup işləri, intellektual oyunlar təşkil olunub.
Qeyd edək ki, ümumilikdə 200 gənci əhatə edəcək layihənin əsas məqsədi multikulturalizm ölkəsi olan Azərbaycanda müxtəlif etnik qruplardan olan gənclər arasında mübadilənin artırılması, gənclərimizin milli mənəvi dəyərlərə və Azərbaycançılıq idealogiyasına, multikulturalizm ənənələrinə bağlılığının qorunub saxlanmasına dəstək olmaqdır. Mart ayının 10- da yekunlaşacaq layihə çərçivəsində gənclər arasında komanda işləri, intellektual oyun və bir sıra təlim, seminarların keçirilməsi nəzərdə tutulur.