Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda “Mənim Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində final mərhələsinin oyunu keçirilib.
Quba Asan Xidmət Mərkəzində təşkil olunan turnirdə Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonunun müxtəlif təhsil müəssisələrində çalışan gənc müəllimlərdən, yuxarı sinif şagirdlərindən, fəal gənclərdən ibarət 8 komanda tərkibində 48 nəfər mübarizə aparıb.
Rəsmi hissədə çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bu layihəyə dəstək verdiyinə görə Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirib, Quba rayonunda turnirin keçirilməsinə şərait yaratdığına görə Quba Rayon İcra Hakimiyyətinə, Quba Asan Xidmət Mərkəzinə, Quba Rayon Gənclər və İdman İdarəsinə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinə minnətdarlığını ifadə edib. Bu layihənin keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, gənclər arasında intellektual oyunların həyat tərzinə çevrilməsinə dəstək vermək, eyni zamanda Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, ədəbiyyatının gənclər arasında təbliğinə nail olmaq olduğunu bildirib.
Rəsmi hissədə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müadir müavini Pərvin Ağasıyev, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev qeyd edib ki, bu kimi yarışlarda iştirak etmək həm şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişaf etdirilməsi baxımından önəmlidir, həm də biliklərin artırılması, yeni məlumatların əldə edilməsi, məntiqi təfəkkürün inkişaf etdirilməsi baxımından vacibdir. Bu səbəbdən də Quba rayonunda bu əhəmiyyətli layihənin icra edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.
Rəsmi hissədən sonra start verilən yarışın qalibi adını Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərdən ibarət “Turan” komandası qazanıb. Quba rayonu Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin “FRİTL” komandası ikinci, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “T-Team” komandası üçüncü mükafatın sahibi olub.
Yekunda qalib və mükafatçılar kubok, diplom, medal və bədii ədəbiyyat nümunəli kitablarla təltif ediliblər. Qeyd edək ki, layihə çərçivəsində şimal zonasının Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında ümumilikdə 5 seçim turnirləri keçirilib. Layihədə qeyd olunan rayonlarda yaşayan, təhsil alan və işləyən 306 nəfər yeniyetmə və gənc iştirak edib.